Türkiyə və İsrail nümayəndələri niyə Azərbaycanda görüşüb? - AÇIQLAMA

 16:57 15.04.2025     157

Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı Azərbaycanda texniki görüş keçirib.

Azərbaycanda belə bir görüşün keçirilməsi nəyin göstəricisidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan həm ictimai-siyasi baxımdan, həm də təhlükəsizlik baxımından dünyanın ən önəmli sabitlik mərkəzlərindən biridir:

"Bu baxımdan ölkədə ictimai-siyasi sabitliyin yüksək səviyyədə olması, güvən mühitinin formalaşması, dövlətimizin bu günə qədər Azərbaycanda keçirilən müxtəlif beynəlxalq səviyyəli tədbirləri ən yüksək səviyyədə təşkil etməsi Azərbaycan modelinin ortaya çıxmasına səbəb olur. Daha əvvəl də Azərbaycan müxtəlif səviyyəli siyasi görüşlərə ev sahibliyi edib. Dəfələrlə Rusiya Baş Qərargah rəisi ilə NATO rəhbərliyinin Bakıda görüşləri həyata keçirilib. Sonuncu olaraq Türkiyə və İsrail rəsmilərinin Azərbaycanda görüş keçirməsi, ölkəmizin həm beynəlxalq münasibətlər sistemində artan siyasi mövqeyinin, eyni zamanda Azərbaycanın bu tip görüşlərə uğurlu ev sahibliyi etmək imkanlarının növbəti göstəricilərindən biridir".

Müsahibimiz qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər rasional mövqeləri olan, dünyada qlobal kataklizmlər və qarşılıqlardan uğurlu çıxış yollarını, imkanlarını təklif edən bir ölkədir.

"Bu da ölkəmizin cəlbediciliyini artırır. Həmçinin Azərbaycanda son dövrlərdə arxa-arxaya keçirilən qlobal forumların ölkəmizdəki toplantıları Azərbaycanın bu məsələdəki imkanlarını, gücünü nümayiş etdirir. Azərbaycan Türkiyə və İsrail nümayəndələri arasında görüşün keçirilməsi üçün ən uyğun məkanlardan biridir", - deyə T.İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI