"Azərbaycan Suriyanın əməkdaşlıq cəhdlərini qiymətləndirir" - Jalə Əliyeva

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüş olub. Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə həyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Suriya ilə münasibətlər Azərbaycan üçün nə qədər önəmlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, Azərbaycan bütün qonşu ölkələrlə, dünya ölkələri ilə balanslaşdırılmış xarici siyasət həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın hədəfi bu gün yalnız öz ölkəsində deyil, bölgədə, dünyada dəyişən dünya şərtləri, yeni nizam çərçivəsində münasibətlərin qurulması, humanizm, tolerantlıq prinsiplərinə sadiqlikdir:
"Bu səbəbdən Azərbaycan bu prinsiplərə sadiq qaldığı kimi, eyni zamanda əməkdaşlıq etdiyi ölkələrlə, dünya ölkələri ilə münasibətlərdə prinsiplərə əsaslanaraq öz əməkdaşlığını həyata keçirir. Dəfələrlə dövlət başçısının çıxışlarında bəyan edildiyi kimi, Azərbaycan hər zaman haqqın yanındadır.
Cənab Prezidentin bu yaxınlarda ADA Universitetində keçirilən “Dəyişən dünya nizamı” forumunda, Antalyada keçirilən forumda verilən açıqlamalarının hər birində Azərbaycanın hər bir dünya ölkəsi ilə, beynəlxalq təşkilat ilə münasibətlərinə bir daha aydınlıq gətirildi. Bunların içərisində Azərbaycan–Suriya münasibətləri də yer alırdı. Azərbaycan–Suriya münasibətləri dövlət başçısının da qeyd etdiyi kimi, keçmiş rəhbərlik dövründə Suriyanın Ermənistanla açıq əməkdaşlıq etməsi səbəbilə arzuolunan səviyyədə deyildi. Hazırda Suriyanın yeni hakimiyyəti Azərbaycanla əməkdaşlığa can atır, problemləri aradan qaldırmağa çalışır".
Millət vəkili qeyd etdi ki, Azərbaycan Suriyanın bu cəhdlərini qiymətləndirir.
"Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, təəssüflər olsun ki, Ermənistan hakimiyyəti yenə də Suriya ilə Azərbaycan arasındakı münasibətlərin əvvəlki hala qayıtması üçün pərdəarxası siyasətini davam etdirməyə çalışır. Azərbaycanın həyata keçirdiyi siyasət Suriya üçün də keçərli olacaq. Prezident İlham Əliyevin müzakirə edilən məsələlərə dair çıxışları bunu deməyə əsas verir. İki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün razılıq əldə edilib. Razılığın əldə edilməsi, Suriya ilə Azərbaycan arasındakı münasibətlərin iki ölkə üçün önəmli olmasının göstəricisidir", - deyə J.Əliyeva bildirdi.
Aytəkin TOFİQQIZI