Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nə mane olur?

 23:27 16.04.2025     468

Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və sülh sazişinin imzalanması Ermənistan və Azərbaycan ictimaiyyətində son günlərin ən aktual məsələlərindən birinə çevrilib.  Sülh sazişinin imzalanmasına nə mane olur? Bununla bağlı Azərbaycanın Ermənistandan istəyi nədir? Doğrudanmı Azərbaycan Ermənistanı  nəyəsə məcbur edir? Bu kimi sualları cavablandırmaq məsdəilə qeyd etmək istəyirəm ki, Azərbaycan gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyindən və ya regionda siyasi-hərbi konyunkturanın dəyişməsindən asılı olmayan dayanıqlı sülh müqaviləsi istəyir ki, gələcəkdə onun müddəalarının pozulması mümkün olmasın.

Ermənistanın bəzi siyasi şərhçiləri Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik tələbini daxili işlərə qarışmaq kimi dəyərləndirməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanı buna məcbur etmir, sadəcə izah edir ki, əgər sən sülh istəyirsənsə bu zaman stabil dövlət olduğunu sübut etməlisən. Bunun  üçün də Konstitusiya dəyişikliyi qaçılmazdır. Konstitusiyaya dəyişiklik edilmədən sülh müqaviləsi imzalanarsa, sabah Paşinyandan sonra hakimiyyətdə olacaq qüvvələr sülh sazişini konstitusiyaya zidd olduğunu əsas gətirərək onu ləğv etməyə cəhd göstərə bilərlər. Yenidən ərazi iddiaları ideyaları irəli sürülə və münaqişə başlaya bilər. Bu məsələyə toxunan Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bildirb ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman biz sülh və münaqişə seçimi qarşısında qalacağıq. Daha sonra o, qeyd edib ki, biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Və buna görə də bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistan Respublikası Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Ermənistan Respublikasının Konstitusiyasında nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqan Konstitusiya Məhkəməsidir. Əslində Paşinyan bu fikirləri söyləməklə bilavasitə Konstitusiya Məhkəməsinə dəyişikliklərin edilməsinin zəruriliyini çatdırmaq istəyir. Eyni zamanda bu baş verməzsə münaqişənin baş verə biləcəyini istisna etmir. Bu səbəbdən də o, bildirir ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı mövqeyinin bəhanə deyil, səmimi narahatlıq olduğunu qəbul etsək, o narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamaqdır. Niyə? Çünki bizim qanunvericiliyimizə görə, Hökumət Sülh Sazişinin mətnini Konstitusiyamıza uyğunluğunu yoxlamaq üçün Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndərməyə borcludur.

Proses onu göstərir ki, gec-tez Ermənistan Azərbaycanın konstitusiyaya dəyişiklik təklifini qəbul edəcək. Paşinyanın fərqli bəyanatlar verməsi, Konstitusiyaya dəyişikliyin 2027-ci ildə olacağını bildirməsi heç nəyi dəyişməyəcək. Sadəcə görünən odur ki, Paşinyan Ermənistan ictimaiyyətini bu prosesə hazırlamağa və yeni konstitusiyanın regional baxımdan əhəmiyyətli olacağına inandırmağa çalışır.

Əlövsət Allahverdiyev,

Hüquq üzrə fəlsəfə doktoru, BDU-nun Hüquq fakültəsinin müəllimi