"Cənubi Qafqaza kənar təsirlər minimuma enə bilər" - Politoloq

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Görüşdə hansı mövzular müzakirə oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, xarici işlər nazirlərinin müavinlərinin Tiblisi görüşündə Cənubi Qafqazın problemləri müzakirə oluna bilər:
"Azərbaycan-Ermənistan, Ermənistan-Gürcüstan, Gürcüstan-Azərbaycan arasında olan məsələlərin müzakirəsi qətiyyən istisna deyil. 3 region dövlətinin Cənubi Qafqazdakı ortaq problemləri müzakirə oluna bilər".
Politoloq qeyd etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması ilə bağlı məsələnin də müzakirəsi gözləniləndir.
"İnkişaf üçün sülh hər 3 ölkəyə görə önəm daşayır. Ermənistan və Azərbaycan arasında sülh imzalanması Cənubi Qafqazı yeni inkişaf mərhələsinə çıxara bilər. Cənubi Qafqaza kənar təsirlər minimuma enə bilər. Görüşün keçirilməsi uğurlu addımdır",- deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI