"Minsk qrupunun özünə Minsk qrupu lazımdır" - Zahid Oruc

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif etdiklərini bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, bu, ilk baxışdan yetərincə razılaşma mövqeyi kimi görünən bir bəyanatdır:
"Lakin arxasında dayanan məqsədi gərək biz görə bilək. Bu ondan ibarətdir ki, faktiki olaraq Qarabağ iddiası ifadə olunmursa, Azərbaycanın ərazi bütövlüyünə hər hansısa bir fərqli yanaşma yoxdursa, daxildə olan qüvvələr keçmiş "hakimiyyət" qalıqları, qəsbkarlıqda iştirak edən hərbi sahə komandirləri və s. plan üzrə hərəkət etmirlərsə, çox rahatlıqla söyləyə bilərlər ki, sülh müqaviləsi olmadan da Minsk qrupu mövcud deyil. Axı onun mandatı Qarabağ məsələsi üçün verilmişdi.
İndiki halda Paşinyanın davranışları sanki məsələni özlərinin şərtləri ilə həll etmiş kimi görünür. Vaxtilə deyirdilər ki, Azərbaycanın konstitusiya ilə bağlı qaldırdığı fikirlər rəsmi olaraq cavablandırılıb. Məhkəmədən bildirilirdi ki, konstitusiyada heç bir ölkə ərazisinə iddia yoxdur. Bu, çox yanlış yanaşmadır. Konstitusiya Məhkəməsi xalqın iradəsini əvəz edə bilməz. Biz həm də erməni xalqının, əhalisinin də konstitusiya üzrə bizə qoyulan iddiaların üzərindən xətt çəkməsini istəyirik. Müharibənin nəticələrini qəbul etmələrini istəyirik. Biz erməni cəmiyyətinin vəziyyətini görmək istəyirik. Ərazi iddiasının ortadan qaldırılması üçün mütləq əhalinin ona səs verməsi lazımdır. Bu, böyük nəticədir. Bununla erməni cəmiyyətinin mövqeyini dünyanın görməsi üçün şərait yaranmış olacaq"
Millət vəkili vurğuladı ki, Minsk qrupu faktiki olaraq İkinci Qarabağ savaşı nəticəsində ortadan qalxıb.
"Hardadır Minsk qrupu? Onlar Bayden dövründə üz-üzə gəlmişdilər. Hamı bilirdi ki, müharibənin əsas tərəfləri Ukrayna və Rusiya deyil, Amerika və Rusiya idi. İndiki halda Fransa o xətti davam etdirir. Minsk qrupunun özünə Minsk qrupu lazımdır. Çünki onların arasında amansız və qanlı savaş gedir.
Ermənistan və Azərbaycan arasında hazırda vasitəçiyə ehtiyac yoxdur. Faktiki olaraq onlar görüşə də bilirlər. Bəzən qarşılıqlı telefon zəngləri həyata keçirilir. Xarici işlər nazirlərinin müavinlərinin görüşləri buna misaldır. Bunu sülh sənədinə saxlamaq düzgün yanaşma deyil. Ermənistan bununla bir qədər siyasi taktika qurmuş sayılır. Bizim müharibəmiz həm də Qarabağı Minsk qrupunun əlindən almaqla yekunlaşıb. Paşinyan bunu dərk edir. Separatizm Ermənistanın özünü təhdid edir. Minsk qrupundan xilas olmaq Paşinyanın da xeyrinədir", - deyə Zahid Oruc bildirdi.
Aytəkin TOFİQQIZI