Ədalət Partiyasının qurultayı bu tarixdə KEÇİRİLƏCƏK

Aprelin 19-da Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. Ali Məclisin iclasında hər bir rayon təşkilatı bir nəfər nümayəndə ilə təmsil olunur və əlavə olaraq Nizamnamə tələblərinə əsasən ötən qurultayda seçilmiş 15 nəfər iştirak etmək hüququna malikdir. Qurultayda Ali Məclisə üzv seçilənlərdən 6 nəfəri dünyasını dəyişib və rotasiya qaydasında əvəz olunmur. Hazırda Ədalət Partiyasının 56 rayon təşkilatı olduğundan Ali Məclisin iclasında 65 nəfərin iştirak etmək səlahiyyəti olmuşdur. Onlardan 56 nəfəri Ali Məclisin iclasında iştirak edib. 39 nəfər iclasa zoom platforması üzərindən on-line şəkildə bağlanıb, 17 nəfəri birbaşa iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov məlumat verib.
İclasda növbəti qurultaya hazırlıq məsələləri müzakirə olunub. Mayın 17-də Ədalət Partiyasının IX Qurultayının keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib. Həmçinin Qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsi yaxın günlərdə iclasını keçirərək sədr və müavinlərini seçəcək, Qurultayın keçirilməsi ilə bağlı müvafiq qrafik müəyyənləşdirəcək.
Ali Məclis, eyni zamanda, partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olanların hərəkətlərini pisləyən və onların əməllərinin Ədalət Partiyasının prinsipləri, qəbul etdiyi mənəvi və siyasi dəyərlərlə bir araya sığmadığı haqqında bəyanat qəbul edib.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.




