Rusiya Ukraynanın təklifini qəbul edəcək? - AÇIQLAMA

 15:02 21.04.2025     136

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.

Təklif Rusiya tərəfindən qəbul oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Ukrayna bütün vasitələrdən istifadə edərək Rusiyanı müəyyən şərtlərə razı salmağa çalışır.

"İndiki məqamda Ukrayna Prezidenti çalışır ki, Rusiya-Ukrayna müharibəsində danışıqlar, ilkin sülh müqaviləsi ilə bağlı şərtlər tez bir zamanda razılaşdırılmırsa, heç olmasa uzunmüddətli əməliyyatlar həyata keçirilməsin. Çünki bu hərbi əməliyyatların həyata keçirilməsi ilk növbədə Ukrayna infrastrukturunda ciddi nəticələr yaradır. Ukrayna əlindəki bütün vasitələrdən istifadə etməyi məqbul hesab edir. Hazırda Ukrayna Prezidenti tərəfindən təklif edilən PUA hücumlarının dayandırılması təklifi mən düşünmürəm ki, Rusiya tərəfindən qəbul ediləcək. Çünki Rusiya hazırda özünün və Donald Trampın verdiyi tövsiyələrdə və digər məsələlərdə tam rəyə malikdir. İndiki məqamda ciddi formada Rusiyanın Ukraynadan gələn təkliflərə isti yanaşmayacağını düşünürəm".

Politoloq bildirdi ki, Rusiya bu məqamdan istifadə etməyə çalışır.

"İstəyir ki, Ukrayna təzyiqlər vasitəsilə Rusiyanın diqtə etdiyi şərtlər əsasında hansısa müqavilələr əldə olunsun. Diqtə edilən şərtlərin qəbul olunmayacağı təqdirdə Rusiya müharibədə yeni hərbi təzyiq imkanlarından yararlanmağı da özü üçün məqbul sayır. Zelenskinin təkliflərinin qəbul olunmayacağını düşünürəm", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI