"Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir" - Vitse-spiker

 14:45 23.04.2025     164

"Cənab Prezidentimiz İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və aprelin 23-də Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əhəmiyyətinə görə ikitərəfli münasibətlər çərçivəsini aşır və vacib məsələlərdə birgə addımladıqlarını göstərir. Dövlətlərimiz arasında münasibətlər səmimidir və dostluğa əsaslanır. Hər iki dövlət xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunun, təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan dövləti Çin üçün ən vacib və həssas olan "Tayvan məsələsi"ndə qəti mövqeyinə bir daha hüquqi əsas verir:

"Rəsmi Bakı dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

Bu mövqe onu göstərir ki, Azərbaycan dövləti üçün beynəlxalq hüququn prinsipləri və ədalət əsasdır. Azərbaycanın Çinə bu məsələdə siyasi-diplomatik dəstək verməsi rəsmi Pekinin beynəlxalq mövqelərini möhkəmləndirir. Eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin liderliyində Azərbaycan Respublikası dövlətinin beynəlxalq nüfuzunun artdığını təsdiqləyir".

Musa Qasımlının sözlərinə görə, Çin isə Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

"Bu o deməkdir ki, rəsmi Pekin Cənubi Qafqazı yenidən qan gölünə çevirmək istəyən dövlətlərin siyasətinə qarşı bütün, o cümlədən bəlli beynəlxalq təşkilatlarda çıxacaqdır. Nəticədə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcəkdir", - deyə o vurğulayıb.

Turan İSMAYIL