"Bayraq yandıranlara rəhbərlik edənlərdən biri də Paşinyan özü olub" - Deputat

 17:06 24.04.2025     188

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda qondarma erməni soyqırımı yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib. Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov bildirdi ki, ermənilərin hər il aprel ayının 24-ü ərəfəsində belə bir murdar, yaramaz hərəkət etmələri uzun illərdir davam edir:

"Bu, Türkiyə və Azərbaycana qarşı erməni millətində olan düşmənçilik mövqeyini, nifrəti özündə əks etdirir. İstəyirlər ki, Türkiyə ilə sərhədlər açılsın. Türkiyə ilə sərhədlər açılsın, gedib yaşayasınız, pul qazanasınız, amma Türkiyəyə qarşı düşmənçiliyinizdən əl çəkməyəsiniz. Birinci Dünya müharibəsi dövründə elədiyiniz hərəkətləri yenidən təkrar eləyəsiniz. Bütün xain, satqın əməlləriniz tarixdədir, göz qabağındadır. Bu gün də o yolu davam etdirirlər. Bizimlə sülh sazişi imzalamaq istəyirlər, ancaq bayrağımızı yandırıb bizimlə düşmənçilik edirlər. Paşinyan da həmin ermənilərdən biridir".

Deputatın sözlərinə görə, Paşinyan da baş nazir olmamışdan əvvəl həmin mitinqlərdə, küçə yürüşlərində iştirak edib.

"Bəlkə də bayraq yandıranlara rəhbərlik edənlərdən biri də özü olub. İndi baş nazir olduğu üçün özünü beynəlxalq aləmə sülhpərvər bir adam kimi təqdim etmək üçün deyir ki, bu hərəkətlər yaramazdır, bəyənilməzdir. Bunlar yolverilməz hərəkətlərdirsə, o hərəkətləri edənlər niyə cəza almır? Niyə icazə verirsən ki, o hərəkətlər olsun? İdarə edə bilmirsən? İstəsən, edərsən.

Bu məsələ bir daha göstərir ki, ermənilərlə sülh şəraitində yaşamaq, onların bizə qarşı olan düşmənçilik niyyətlərindən əl çəkməsi sadəcə sözdə olan bir məsələdir. Həqiqətdə isə onlar bu hərəkətlərlə öz iç üzlərini bir daha açıb göstərirlər. Bu, erməniləri müdafiə edən dövlətlərə də ermənilərin bir mesajıdır ki, biz beləyik, faşist ideologiyası ilə yaşayırıq. Demək istəyirlər ki, Türkiyə və Azərbaycana qarşı barışmaz mövqedəyik. Erməniləri sülhpərvər kimi qələmə verən Avropa təşkilatları, Avropa dövlətləri baxsınlar, nəticə çıxarsınlar", - deyə E.Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI