"Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir"

"Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir. Borrel açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edir və bu səbəbdən Bakıya səfər edə bilmirdi. Kaya Kallas isə İlham Əliyev və Ceyhun Bayramovla görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın davamını istəyir:
"Avropa İttifaqı Azərbaycan üçün əhəmiyyətli bazardır. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı böyük ehtimalla Kaya Kallasın diqqətinə çatdırılıb.
Kaya Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş adlandırıb. “Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaya Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb. Bütün bunları Kaya Kallasdan əvvəl bu vəzifəni daşıyan Jozep Borreldən eşitməmişdik. Kaya Kallas minatəmizləmə işlərində Avropa İttifaqının Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaya Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın".
Vasif ƏLİHÜSEYN