"Rusiya hələ tam şok vəziyyətinə düşməyib, amma gec-tez çox kəskin şəkildə..." - Deputat

 15:59 25.04.2025     189

Rusiyanım xarici işlər naziri Sergey Lavrov bildirib ki, əmək miqrantlarının sayının azalması Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altında qoya bilər.

Rusiya hökümətinin miqrasiya siyasətindəki dəyişikliklər bu azalmaya necə təsir göstərir? Əmək miqranlarına qarşı ictimai münasibət bu prosesdə rol oynayırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov bildirdi ki, bu gün Sergey Lavrovun dilə gətirdiyi məsələlər zaman-zaman, xüsusilə də Rusiya Federasiyasında aidiyyəti strukturlar, Dövlət Dumasında siyasi mərkəzlərin təmsilçilərinin miqrasiya üzərində sərt nəzarətin tətbiq olunmasına dair fikirləri səsləndirdiyi zaman, ayrı-ayrı ixtisaslaşmış qurumlar və müəyyən idarələr tərəfindən mənfi qarşılanırdı:

"Mənfi qarşılanan məsələ bu gün Sergey Lavrov tərəfindən dilə gətirilir. Burada əsas məsələ Rusiya Federasiyasında qanunsuz miqrasiya ilə mübarizənin effektiv aparılması zərurətindən irəli gələn müəyyən sərtləşdirmələrin, məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu da istər-istəməz əmək miqrantlarının mövcud vəziyyətinə təsir edir. Məsələn, görünür ki, Rusiya Federasiyasında qanunsuz miqrasiya ilə mübarizə aparılır və bu deviz altında qanunsuz miqrasiya ilə mübarizə daha sərt qaydaların tətbiqini tələb edir. Elə qaydalar var ki, universal xarakter daşıyır, elələri var ki, çox spesifik sahələrə toxunur.

Qəbul olunan ümumi qaydalar ərazidə yaşayan miqrantların statusuna təsir edir. Uzun müddət yaşayan miqrantlar əsasən əmək miqrantlarıdır. Əgər bu şəxslər arasında qanunsuz əmək fəaliyyəti göstərənlər varsa, onlara qarşı daha sərt qaydaların tətbiq olunduğunun şahidi oluruq. Ölkə ərazisindən məhkəmə qərarı olmadan çıxarılma, daha sərt qaydaların tətbiqi, əvvəlki miqrantın ailə üzvlərinin yanına gətirilməsi məhdudiyyəti və s. hallar müşahidə olunur. Ölkə ərazisində yaşayan miqrantlar hiss olunacaq dərəcədə əmək bazarından getməyə məcbur qalırlar. Burada aidiyyəti qurumlar həyəcan təbili çalmağa başlayırlar ki, əvvəlki miqrantların boş qoyduğu yerlərə çox çətinliklə yerli vətəndaşlar cəlb olunur. Onlar könülsüz bu prosesə cəlb olunurlar. Çünki əvvəlki miqrantlar çətin şəraitdə işləyirdilər".

Deputatın sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunma prosesi hələ davam edir.

"Yayda da bir neçə qaydanın tətbiq olunması gözlənilir. Bu da əmək bazarında ehtiyacların yaranmasına səbəb olacaq. Kriminal hadisələrdə daha çox miqrantların adları çəkilir. Ancaq baxdıqda görürük ki, bu belə deyil. Bu isə ictimaiyyətdə neqativ fikir yaradır.

Tətbiq olunacaq qaydalar öncəsi belə bir ictimai müstəvidə danışıqlar, sonrakı mərhələdə tətbiq ediləcək qaydaların ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmasına hesablanmış hadisədir. Bu da siyasi dairələr tərəfindən təqdir olunan strategiyadır. Bu prosesdə münasibətin də kifayət qədər rolu olub. Dövlət hələ tam şok vəziyyətinə düşməyib. Hələ ki, vəziyyət təsirini güclü göstərmir. Düşünürəm ki, gec və ya tez çox kəskin şəkildə özünü büruzə verəcək. Nəticədə dövlət çalışacaq ki, müəyyən pozitiv addımlar atsın. Ola bilər ki, gələcəkdə bəzi qaydaların yumşaldılmasına şahid olaq. İstənilən halda bunu zaman göstərəcək", - deyə A.Allahverənov vurğuladı.

Aytəkin TOFİQQIZI