"Həmin gündən sizin və müavinlərinizin heç bir səlahiyyəti yoxdur" - Ədalət Partiyasında nə baş verir?

Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra partiya daxilində sədrlik uğrunda qarşıdurma başlayıb.
Redaktor.az xəbər verir ki, partiya daxilindəki mübarizə Ali Məclis və Təşkilat Komitəsinin üzvü Rahim Nuriyevin Ali Məclisin sabiq sədri Meydan Əli oğlu Babayevə yazdığı açıq məktubdan da aydın görünür.
Həmin məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli Meydan bəy. Sizin “hurriyet.az” saytındakı “Bəyanatı”nızı oxudum. Bu “Bəyanat” ilk cümləsindən sonuncu cümləsinədək yanlış, hüquqi əsası olmayan bir yazıdır.
Artıq partiya üzvlərinin əksəriyyyəti sizin məkrli planlarınızı, partiya daxilində pozuculuq işi apardığınızı, heç bir əsası olmadan Ali Məclisin çağırılmasına mane olmaq istəyinizi başa düşüb və illərlə gizlətdiyiniz əsl simanız ortaya çıxmışdır. İndi isə belə “bəyanat”larla ictimai fikri aldatmağa çalışırsınız. Artıq insanlar hər kəsi çox yaxşı tanıyırlar. “Veto” məsələsinə gəlincə isə ya siz Ali Məclisin bəyanatını başa düşməmisiniz, ya da ki, bilərəkdən özünüzü belə aparırsınız. Mən bir daha sizə bəyan edirəm ki, Ali Məclis sizi və müavinlərinizi tutduğunuz vəzifələrdən azad edib, bütün səlahiyyətləri Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə vermişdir. Siz və müavinləriniz Ali Məclis tərəfindən seçilmişdiniz, Ali Məclis də sizi azad etdi. Siz Ali Məclisin sədri olduğunuz üçün Nizamnaməyə görə sədrin səlahiyyətlərini icra etdiniz. 19 apreldə keçirilmiş Ali Məclisin qərarı ilə artıq sədr deyilsiniz və elan etdiyiniz “veto”nun heç bir hüquqi əsası yoxdur. Həm də 19 apreldə Ali Məclisin keçirilməsinə mane olmaq üçün partiya ofisinin kilidini dəyişdirib Məclis üzvlərini, partiya fəalları və ağsaqqallarını qapıda saxlamaqla, Ali Məclisi belə bir qərar qəbul etməyə məcbur etdiniz.
Yazdığınız əndrabadi bəyanatın mətninə gəldikdə isə, bəyanatda çoxlu yanlışlıqlarla yol vermisiz və əhəmiyyətsiz ifadələr işlətmisiniz.
Birincisi, acınacaqlısı odur ki, uzun illər rəhbəri olduğunuz orqanın adını belə düz ifadə etməyib, “Böyük Məclis” yazırsınız. Mövcud Nizamnaməyə görə bu partiya orqanının adı Ali Məclisdir, hörmətli Meydan bəy.
İkincisi, elə həmin cümlədə yazırsınız ki, “Ədalət partiyasının bir qrup üzvü Böyük Məclis iclasını keçirmişdir”. Meydan bəy, “bir qrup üzv” yox, Ali Məclis üzvləri keçirib iclası. Ali Məclisin 65 üzvündən 56 nəfəri, yəni 86%-i yığıncaqda iştirak edib. Nizamnaməyə görə qurultaylararası dövrdə kollegial idarəetmə orqanı Ali Məclisin yığıncaqları üç ayda bir dəfədən az olmayaraq çağırılır. Mən də daxil olmaqla Ali Məclis üzvləri, rayon təşkilatlarının sədrləri Ali Məclisin çağırılması barədə dəfələrlə sizə təkliflər verdik. Siz isə öz vəzifə səlahiyyətlərinizi icra edib, Ali Məclisi çağırmaq əvəzinə, verilən təklifləri müxtəlif bəhanələrlə rədd etdiniz. Həftədə bir təklif irəli sürərək Partiya rəhbərliyi və rayon təşkilatları arasında nifaq toxumu səpməyə çalışdınız. Eyni zamanda, “partiyanı yenidən qurmaq”, “sıralarımızı genişləndirmək” bəhanələri ilə paralel rayon təşkilatları yaratmaq üçün müxtəlif şirnikləndirici vədlərlə Siyasi Şura üzvləri Vüsalə Dadaşova və Mehman Əliyevi mükəlləf etdiniz. Müavininiz Elçin Qurbanova isə yeni Nizamnamə və Məramnamə hazırlamaq haqqında göstəriş verdiniz. Heç bir zərurət olmadığı halda ardıcıl olaraq bir-birini təkzib edən “həmsədrlik”, “vahid namizəd”, “kollegial idarəetmə” təkliflərini irəli sürdünüz. Sizin bu əndrabadi təkliflərinizi qəbul etməyən partiya üzvlərini pozucu “araqarışdıran” adlandırıb, düşmən bildiniz. Xüsusən Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimli haqqında qara piar əməliyyatını genişləndirdiniz. Özünüz və müavinləriniz Nizamnaməni kobud şəkildə pozaraq, partiya daxilində ikitirəlik və süni qarşıdurma yaradaraq, M.Rəhimlini fəaliyyətsizlikdə, pozuculuqda ittiham etdiniz. Guya partiyaya yeni üzvlərin qəbul olunmasına mane olduğunu bəyan etdiniz. İndi də Ali Məclisin toplanmasına texniki və təşkilatı dəstək verdiyi üçün M.Rəhimlini ittiham edib, hədələyirsiniz. Mütəllim bəy sağ olsun ki, sizin kimi qaçıb gizlənmədi və Ali Məclis üzvlərinə hörmətsiz yanaşmadı, əksinə, onlara dəstək oldu. Ali Məclisin iclası yüksək səviyyədə keçdi və yekdil qərarlar qəbul olundu.
Artıq, Təşkilat Komitəsi fəaliyyətə başlamışdır. Həmin gündən sizin və müavinlərinizin heç bir səlahiyyəti yoxdur.
Hörmətli Meydan bəy,
Siz və dəstəkçiləriniz yaxşı olar ki, baş verənlərdən nəticə çıxarıb, Partiyanın Nizamnaməsinə və Ali Məclisin qərarlarına hörmətlə yanaşıb, qəbul edilmiş qərarlara əməl edəsiniz. Digər partiya üzvləri kimi qeydiyyatda olduğunuz ilk təşkilatdan Qurultaya nümayəndə seçilin ki, orada öz təkliflərinizlə iştirak edəsiniz. İnanıram ki, tezliklə tutduğunuz ziyanlı yoldan geri dönəcək və və siyasi həmfikirlərinizlə bir arada olacaqsınız".