"Hindistan Asiyanın Ermənistanı rolunu oynayır" - ŞƏRH

"Hindistan Asiya qitəsinin Ermənistanı rolunu oynayır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Hindistanla Pakistan arasında yaşanan son gərginlikləri şərh edərkən bildirdi.
"Rəsmi Dehli də Pakistana qarşı hərbi təxribatlar törədir, sonradan isə bu hərbi təxribatların günahını Pakistana yıxmağa çalışır. İki dövlət arasında 10 illik boyudur “Kəşmir böhranı” deyilən bir problem mövcuddur. Əslində dost olmalı olan iki dövlət illərdir düşmən münasibətlərə malikdirlər. Əsas problem də Hindistanın müsəlman əhaliyə qarşı zorakı siyasət yürütməsidir.
Pakistan Hindistanla qarşıdurmada elə bir ciddi günaha sahib deyil, əksinə, Pakistan müdafiə olunan tərəfdir. Adətən hərbi, siyasi təxribatlar Hindistan tərəfindən törədilir. Bu baxımdan, Pakistanın özünü müdafiə etmək üçün müəyyən addımlar atması, Hindistanın hərbi təcavüz prosesinə hazırlaşması qətiyyən təəccüblü deyil, tamamilə normal bir prosesdir", - deyə müsahibimiz vurğuladı.
Politoloq qeyd etdi ki, Pakistan suveren dövlət olaraq öz sərhədlərini qorumaq hüququna malikdir.
"Hindistanın hərbi təxribatlarına dərhal cavab vermək hüququnu əlində saxlamaq istəyir. Pakistan hazırda Hindistanın hərbi təcavüz edə biləcəyini düşünərək müharibə şəraitinə keçmək üzrədir. Belə başa düşülür ki, iki dövlət arasında gərginlik artmaqda davam edəcək, qarşıdurma dərinləşə bilər. Proses nəticədə növbəti dəfə iki dövlət arasında hərbi toqquşmaların baş vermə ehtimalını maksimum səviyyəyə gətirib. Düşünmək olar ki, indiki situasiyada Ermənistanın müttəfiqi kimi davranan Hindistan Asiya qitəsində Ermənistanın Cənubi Qafqazda yürütdüyü siyasəti eynilə təkrarlayır. Hesab etmək olar ki, Hindistan da Asiyanın Ermənistanı rolunu oynayır", - deyə E.Xalidbəlyi bildirdi.
Aytəkin TOFİQQIZI