Pakistanla Hindistan arasında yaranmış gərginlikdən danışdılar

Bu gün nazir Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
XİN-dən Redaktor.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı Pakistan naziri Pakistan-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.