"Pezeşkianın səfəri gərginliklərin aradan qaldırılması üçündür" - AÇIQLAMA

Son illərdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri güclənib. Hər iki ölkə, regional təhlükəsizlik və iqtisadi inkişaf sahəsində qarşılıqlı maraqlara sahibdir və bu münasibətlər zaman-zaman gərginliklərə də səbəb olsa da, müxtəlif diplomatik addımlarla əlaqələrin müsbət istiqamətdə inkişafı davam etdirilir. Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də bunun göstəricilərindəndir.
Bugünkü səfərdə Azərbaycan-İran münasibətində hansı siyasi yeniliklər ola bilər və hansı yeni mərhələnin başlanğıcı qoyula bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, Məsud Pezeşkianın Azərbaycana səfərində qeyri-adi hadisə axtarmaq sadəlövhlükdür. Onun fikrincə, bu, Azərbaycan və İran arasında iqtisadiyyat və ticarət əlaqələrinin davamıdır:
"Vətən müharibəsindən sonra Azərbaycan və İran arasında, İranın keçmiş prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyev ilə arasında görüşdə yeni bir mərhələ başladı. Bu mərhələ tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi və regional məsələlərdə əməkdaşlıqla bağlıdır. İbrahim Rəisi 13-cü hökumətə başçılıq edirdi, Məsud Pezeşkian isə 14-cü hökumətə başçılıq edir. Odur ki, bu 13-cü hökumətdən qalma planların və layihələrin icrası üçün yeni səhifə açılması deməkdir. Digər tərəfdən, İranla Rusiya arasında təbii qazın Azərbaycandan tranzit yolu ilə ötürülməsinə dair bir razılaşma var. Ola bilsin ki, bu razılaşma Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı bir daha təsdiqlənsin. Tərəflərin bir-biri ilə elmi sahədə təcrübə mübadiləsi aparması məsələsi də var, eyni zamanda mədəni əlaqələrin genişləndirilməsi məsələsi də müzakirə oluna bilər. Yəni, bu, iki ölkə arasında davam edən ənənəvi münasibətlərin inkişafı imkanlarını yarada bilər. Bu, yeni mərhələ və ya yeni dövr deyil. Bir qədər yeni və qeyri-adi görünür, çünki İran hakimiyyətinin müharibə zamanı tutduğu mövqe Azərbaycan tərəfindən etirazla qarşılanmış və bundan sonra münasibətdə gərginlik, hətta pozulma baş vermişdi. Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu olmuşdu. Bunu törədən və arxasında duran qüvvələr cəzasız qalıb və bu kimi hadisələr iki dövlət arasında münasibətlərin pozulmasına və gərginləşməsinə səbəb olmuşdur. Hesab edirəm ki, bu səfər o gərginliyin aradan qalxmasına da kömək edəcək"
Politoloq qeyd etdi ki, Pezeşkianın səfəri siyasi cəhətdən mövcud gərginliklərin aradan qaldırılması, münasibətlərin normallaşması prosesi və İranın etimad qazanması üçün bir səfərdir.
"İran hakimiyyəti bununla Azərbaycanın etibarını və etimadını qazanmaq istəyir",-deyə Sədrəddin Soltan bildirdi.
Xədicə BAXIŞLI