Hindistan-Pakistan müharibəsi başlayır? - Hind çayının qarşısı kəsilərsə...

Pakistanla Hindistan arasında uzun müddətdir davam edən siyasi və hərbi gərginlik yenidən alovlanıb və bu dəfə vəziyyətin nəzarətdən çıxma ehtimalı daha yüksək görünür.
İki ölkə arasında baş verənləri Redaktor.az-a şərh edən politoloq Turab Rzayev bildirdi ki, Pakistanla Hindistan arasında münasibətlər həddindən artıq gərginləşib.
"Biz bunu tərəflərin davranışlarında da müşahidə edirik. Məsələn, Pakistan tərəfi onlara ediləcək hər hansı bir hücuma mütənasib cavab deyil, misli ilə cavab veriləcəyini bəyan edib. Bu da Pakistanın hücum qorxularını ortaya qoyur.
Hindistan isə çox ciddi addımlar atır. Məsələn, dəniz limanlarını Pakistana bağlamaqla bağlı məsələləri gündəmə gətirib. Bundan əvvəl Pakistan vətəndaşları ölkədən çıxarılmış və onların vizaları ləğv edilmişdi.
Hindistan, Hind çayı ilə bağlı müqavilədən çıxaraq, Pakistanı susuzluq və aclıq təhlükəsi ilə üz-üzə qoya biləcəyini vurğulayıb. Bildiyimiz kimi, Hind çayı Pakistan ərazisinə axır. Lakin çayın qarşısına bəndlər tikilərsə, su kəsilərsə, Pakistan böyük aclıq və içməli su problemi ilə qarşılaşa bilər. Bütün bunlar iki dövlət arasındakı münasibətlərin gərginləşməkdə olduğunu göstərir", - deyə o vurğuladı.
Politoloq un sözlərinə görə, başqa bir məqam ondan ibarətdir ki, bu məsələyə qlobal oyunçular da müdaxilə edir.
"Çin açıq şəkildə Pakistana dəstək verir və mümkün hücum zamanı onu tək qoymayacağını bildirir. ABŞ isə dolayı yolla Hindistanı dəstəkləyir. Türkiyə isə daha çox Pakistanın yanında yer alır.
Eyni zamanda Rusiya Hindistanla münasibətləri bərpa etməyə çalışır. Digər tərəfdən, Çin-Rusiya ittifaqı Rusiyanı Pakistana qarşı addım atmamağa vadar edir. Faktiki olaraq, bölgədə bloklaşmalar müşahidə olunur. Qarşılıqlı şəkildə ölkələr arasında münasibətlər gərginləşə bilər və bu da müharibə ehtimalını artırır", - deyə Turab Rzayev bildirdi.
Xədicə BAXIŞLI