"İran-Azərbaycan münasibətləri düzələcək"

 16:54 29.04.2025     157

"İran və Azərbaycan arasında əlaqələrin bərpası üçün mühüm imkanlar var. Müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilə bilər. Bunun üçün şanslar mövcuddur".

Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev Azərbaycan-İran münasibətlərindən danışarkən bildirdi.

"Təəssüflər olsun ki, əvvəlki İran hökuməti dövründə bu şanslar itirilmişdi. İrandan Azərbaycana qarşı edilən təxribatlar nəticəsində bu vəziyyətdən düzgün formada istifadə etmək mümkün olmadı. Hazırda Pezeşkianın prezident seçilməsindən sonra ümid var ki, İran və Azərbaycan münasibətləri düzələcək. Onun Azərbaycanla bağlı verdiyi açıqlamalar, hökumətdə təmsil olunan nazirlərin Azərbaycanla bağlı verdiyi xoş fikirlər buna işarədir", - deyə o vurğuladı.

zeynal serh

Politoloq bildirdi ki, əsas əməkdaşlıq sahələrindən biri nəqliyyatdır:

"İran və Azərbaycan sərhədi dağlıq relyefə malikdir və həmin ərazidə nəqliyyat qovşaqlarının olması təkcə iki ölkə münasibətləri baxımından deyil, ümumi regional və qlobal əhəmiyyətli bir layihə kimi də nəzərdən keçirilə bilər. Artıq Çindən Avropaya yük daşımalarının miqdarı artıb. Xüsusilə də ABŞ-nin həyata keçirdiyi siyasət nəticəsində Çin və Avropa arasında bir çox əlaqələr, əsasən də iqtisadi əlaqələr inkişaf edib. Bu baxımdan regionumuzun tranzit əhəmiyyəti artır.

Yolların bərpası və quru yollarla bağlı layihələr önəmlidir. Quru yollarının perspektivi son dövrlərdə daha da artıb. Həm yükün təhlükəsizliyi baxımından, həm də tez və keyfiyyətli çatdırılması baxımından quru yolunun çox mühüm əhəmiyyəti var".

Aytəkin TOFİQQIZI