"İran bu dəhlizlərə daxil olmaqla davamlı sülhün zəmanətinə gətirib çıxara bilər" - AÇIQLAMA

Prezident İlham Əliyev Azərbaycan-İran biznes formunda çıxışı zamanı bildirib ki, dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Prezident tərəfindən İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edilib. Bildirilib ki, dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri əsas gündəlikdədir.
Prezident tərəfindən layihələrdə iştiraka çağırış, nəqliyyat və logistika baxımından hansı strateji əhəmiyyət daşayır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, burada çox ciddi strateji məsələdən söhbət gedir:
"İran tərəfinin yol, nəqliyyat, kommunikasiya, elektrik xəttləri və digər böyük layihələrdə iştiraka səslənməsi, əslində, həm də Azərbaycanın bu bölgədə coğrafi ərazidə mövqelərinin daha da güclənməsi baxımından əhəmiyyətlidir. Yalnız Azərbaycan daxilində layihələrdə iştirak etməkdən söhbət getmir. İran, istəsək də istəməsək də, bizimlə qonşu dövlətdir. İran nəqliyyat, kommunikasiya dəhlizlərinə daxil olmaqla, həm də davamlı sülhün zəmanətinə gətirib çıxara bilər. Ermənistanla böyük sülh sazişinin oturuşmasına çox faydalı rol oynaya bilər. İran öz maraqları baxımından kommunikasiya şəbəkələrinə qoşulmaqda maraqlı ola bilər".
Müsahibimizin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə İranın çox rahat və qısa yollarla Böyük İpək Yolu dəhlizinə daxil olmasına imkan yaradacaq.
"Bakı-Gürcüstan-Qars dəmir yolu xəttimiz artıq istismara verilib. Bunların hamısı bu regionda sülhün sabitləşməsinə gətirib çıxara bilər. Azərbaycanın mövqeyini çox əhəmiyyətli dərəcədə gücləndirə bilər. İran və Türkiyənin kommunikasiya sahəsində iştirakı, Azərbaycan və Ermənistan arasında çox ciddi əhəmiyyətli, uzun ömürlü sülh sazişinə vəsilə ola bilər. İran yol infrastrukturunun qurulmasında iştirak edəcəkmi, etməyəcəkmi, bu sonrakı məsələdir. Məsələnin görünən tərəfi təkliflərin strateji və uzunmüddətli planlara hədəflənməsi kimi görünür", - deyə nəqliyyat eksperti bildirdi.
Aytəkin TOFİQQIZI