"Pezeşkianın səfəri İran-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığının bariz nümunəsidir" - Jalə Əliyeva

 15:59 30.04.2025     219

"İran Prezidenti ötən günlərdə 120 nəfərlik böyük bir heyətlə Azərbaycana səfər etdi. Bu səfər iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə, strateji tərəfdaşlıq səviyyəsinə keçməsi üçün tarixi bir fürsət kimi dəyərləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Jalə Əliyeva İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən danışarkən bildirdi.

Onun sözlərinə görə, səfər zamanı çox əhəmiyyətli görüşlər keçirilib:

"Hər iki ölkə prezidentinin bir-birləri ilə çox səmimi, dost kimi münasibətləri düşünürük ki, qarşılıqlı etimada əsaslanan siyasət olaraq nəzərdən keçirilməlidir. İran və Azərbaycan arasındakı münasibətlər öz təməlini hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi, iqtisadi reallıqlar nəzərə alınaraq davam etdirilən uğurlu siyasət və əməkdaşlıq olaraq dəyərləndirilməlidir. Azərbaycanın İranla münasibətlərində mövqeyi digər ölkələrlə olduğu kimi qəti və prinsipialdır. Azərbaycan öz mövqeyindən heç vaxt geri dönməyib. Cənab Prezidentin hər zaman söylədiyi kimi, heç bir təzyiq Azərbaycanı tutduğu doğru yoldan döndərə bilməz. İranla münasibətlərin inkişafında üçüncü tərəfin müdaxiləsi Azərbaycan üçün qəbuledilməzdir. Bu mövqe həm Azərbaycan, həm də İran tərəfindən dəfələrlə vurğulanıb. İki gün ərzində keçirilən görüşlər, imzalanan sənədlər bunu deməyə əsas verir ki, İranla Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir".

Millət vəkili qeyd etdi ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi baxımından bütün müsbət məsələlərlə bərabər, iqtisadi münasibətlərin potensialı hələ tam istifadə olunmayıb.

"Azərbaycanın Türkiyə və Rusiya ilə artan ticarət dövriyyəsi fonunda İranla dövriyyə həcmi hələ arzuolunan səviyyədə deyil. Yaxın illərdə bu sahədə ciddi addımların atılacağı söylənilir. Bu məsələ də iki ölkə prezidentlərinin görüşü zamanı diqqətə alınıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin mühüm sütunlarından biri kimi özünü göstərir. İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda Azərbaycan və İran arasında koordinasiya və əməkdaşlıq bu gün uğurla davam edir. Bütün söylənənlərin fonunda deyə bilərik ki, İran Prezidentinin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, iki ölkənin strateji maraqlarını uyğunlaşdıran, qarşılıqlı etimadı gücləndirən, ölkədə sülhə, inkişafa və əməkdaşlığa xidmət edən əhəmiyyətli bir mərhələdir. Birmənalı olaraq deməliyik ki, bu səfər İran-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığının bariz nümunəsidir", - deyə Jalə Əliyeva bildirdi.

Aytəkin TOFİQQIZI