"ABŞ "canın cəhənnəm" deyə Ukrayna məsələsindən geri çəkiləcək" - Zərdüşt Əlizadədən PROQNOZ

 11:09 01.05.2025     169

"Tramp hakimiyyətə gələndə, seçkilərdə daha çox səs qazanacağına ümid edirdi. Bu səbəbdən, seçicilərə müxtəlif vədlər verirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı ata biləcəyi addımları şərh edərkən dedi.

"Bu vədləri əsasən kəmsavad olan seçicilərin diqqətini çəkmək üçün şişirdilmiş formada səsləndirirdi. Məsələn, deyirdi ki, Rusiya məsələsini bir günə həll edəcək. Sonra bu müddəti üç aya, daha sonra isə altı aya qədər uzatdı. Yəni, Tramp bu vədləri versə də, özü də anlayırdı ki, bu cür mürəkkəb məsələləri qısa müddətdə həll etmək çox çətindir", - deyə siyasi şərhçi bildirdi.

Z.Əlizadə dedi ki, indi Trampın verdiyi vədlərin vaxtı keçib və o, bu barədə ictimaiyyətə açıqlama verməlidir. Onun sözlərinə görə, Tramp da gerçəkdə nə düşündüyünü, nəyə inandığını deməyə başlayıb:

"Bu mərhələdən sonra qarşıda iki ehtimal var. Birinci ehtimal budur ki, ABŞ vəziyyətdən geri çəkilir, "canın cəhənnəm" deyə Ukrayna məsələsinə qarışmaqdan imtina edir. Bu halda, hərbi və kəşfiyyat yardımları dayandırılır və Ukrayna tək buraxılır. İkinci ehtimal isə Trampın son açıqlamalarına əsaslanır. Bu ehtimala görə, ABŞ Ukraynaya hərbi və maliyyə yardımını artırır və nəticədə Ukraynanın müqavimət gücü yüksəlir. Bu iki ehtimaldan biri yaxın zamanda reallığa çevrilə bilər".

Xədicə BAXIŞLI