ABŞ ilə İran arasında razılaşma əldə ediləcək - AÇIQLAMA

İran nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda iştiraka davam edəcək. Bu barədə İran rəsmilərinin açıqlamalarında deyilir.
ABŞ və İran arasında razılaşma əldə edilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, İran və Amerika Birləşmiş Ştatlarının əsasən nüvə məsələsində mövqeləri bir-birinə ziddir.
"Amerika ilə İran arasındakı problemlərin kökündə İranın nüvə ehtiyatlarını zənginləşdirməsi məsələsi dayanır. Həm də Donald Trampın 1-ci prezidentliyi dövründə İranla ABŞ arasında dialoq imkanları heç vaxt tükənməmişdi. Yəni Trampın 1-ci prezidentliyi dövründə bu məsələlərlə bağlı İran və ABŞ arasında müxtəlif səpkilərdə dialoqlar davam edib. Əlbəttə ki, bu formatda dialoqun davam etməsi imkanları Trampın 2-ci prezidentliyi dövründə də istisna edilmir. Baxmayaraq ki, ilkin dövrlərdə həm Amerika, həm də İran tərəfindən dialoqla bağlı o qədər də aydın mövqelər yox idi".
Müsabimiz qeyd etdi ki, əvvəllər Amerikanın danışıqlarla bağlı təklifinə İran rəhbərliyi tərəfindən daha kəskin reaksiyalar verilirdi.
"Amma artıq son iki həftə ərzində hər iki ölkənin bu danışıqları müxtəlif səpkilərdə davam etdirməsində maraqlı davranmasını biz çox açıq-aydın formada müşahidə edirik. Amerika və İran arasında hansısa razılaşmaların əldə edilməsi imkanları, əlbəttə, mövcuddur. Amma bu, bütövlükdə nüvə məsələsində daimi və əbədi nəticə olmayacaq. Amma hər halda danışıqların davam etdirilməsi ilə bağlı iradə ortaya qoyula bilər", - deyə politoloq vurğuladı.
Aytəkin TOFİQQIZI