"Vitali Balasanyan yaxşı bilir ki, ermənilərin bir daha Qarabağa qayıtması mümkün deyil"

 18:29 02.05.2025     105

"Ermənistan müxalifəti yenidən Kremlə Qarabağla bağlı məktub göndərib. Keçmiş Qarabağ separatçılarının liderlerindən Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək Qarabağdan könüllü köçən ermənilərin geri qayıtması üçün kömək istəyib. Balasanyan "məktubu" elə bir vaxta yazıb ki, Ermənistanda 2026-ci il seçkiləri yaxınlaşır. Keçmiş Qarabağ klanın rəhbəri Robert Koçaryan Moskvaya səfər edərək, təlimatlarla geri dönüb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki,  Balasanyanın "dərdi" ermənilərin Qarabağa geri qayıtması deyil:

"Sadəcə Kremlə mesaj verir ki, yenidən Qarabağ adı ilə birləşə və toparlanaraq Paşinyanın devrilməsinə nail ola bilərlər. Bunun üçün Putindən dəstək istəyir. Ümumiyyətlə, Vitali Balasanyan yaxşı bilir ki, ermənilərin bir daha Qarabağa geri qayıtması mümkün deyil. Ermənistanda siyasi hakimiyyət uğrunda Qarabağ məsələsi vasitə olaraq Koçaryanın rəhbərliyi ilə yenidən bir araya gəlir. Təbii ki, Rusiya Koçaryana və onun komandasına dəstək verəcək. Amma, Qarabağ ermənilərinin geri dönüşü məsələsini Kremlin yadına salınmaqla, gələcək perspektivdə Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə edilməsi nəzərdə tutulur.

Ermənistanda 2026-ci il seçkiləri müxalifətin əvvəlki illərdən fərqli olaraq ciddi hazırlıq prosesinə başlayib. Amma, Ukrayna müharibəsində mövqeyi zəifləyəcəksə, Moskva Paşinyana ciddi təzyiq edə bilməyəcək. Ümumiyyətlə, Paşinyanın növbəti mərhələdə hakimiyyətdə qalması mümkün görünür. Təbii ki, fors-major situasiyada Paşinyan onu əvəzləyəcək "B" planın olması istisna deyil".

Vasif ƏLİHÜSEYN