Naxçıvanda XİN Aparatının idarəsi YARADILACAQ

Azərbaycan Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Qanununa uyğun olaraq, Azərbaycan səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Qurum, həmçinin Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Naxçıvandakı İdarəsi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər, eləcə də bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Fərmanla “Azərbaycan Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri haqqında” Azərbaycan Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1066 nömrəli Sərəncamı ləğv edilib.
Sözügedən Fərmanla Xarici İşlər Nazirliyinin strukturu da təsdiqlənib.
Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları nazirliyin strukturuna daxildir.