"Əgər sabah bir sərhəd xəttində təxribat baş verərsə..." - Politoloq

 11:38 06.05.2025     135

"Ermənistan parlamentinin spikeri Alen Simonyanın delimitasiya və demarkasiya proseslərinə dair verdiyi son açıqlama, Cənubi Qafqazda yeni siyasi situasiyanın formalaşdığını təsdiqləyən mühüm indikatorlardan biridir. Onun "hazırda fikir ayrılığı yoxdur" kimi optimist notlarla çıxış etməsi, uzun illərdən bəri davam edən sərhəd mübahisələrinin artıq yeni mərhələyə keçdiyini göstərir".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov Ermənistan parlamentinin spikeri Alen Simonyanın verdiyi açıqlama haqqında danışarkən bildirdi.

"İlk növbədə, bu cür çıxışlar daxili auditoriyaya hesablanmış olsa da, burada bir reallıq da var,  Ermənistan, nəhayət, postsovet dövrünün geosiyasi xətalarını düzəltmək məcburiyyətindədir. Azərbaycanla sərhədlərin hüquqi cəhətdən tanınması, Ermənistan üçün sadəcə bir mərhələ deyil, bu, həm də onun regionda öz yerini müəyyən etməsi baxımından həyati əhəmiyyət daşıyır.

Delimitasiya və demarkasiya, bir çox hallarda texniki proses kimi təqdim olunsa da, əslində bu, siyasi məsələdir. Sərhədin haradan keçməsi, hansı kəndin hansı dövlətin yurisdiksiyasına daxil olması, bu, yalnız xəritədə xətt çəkməklə bitmir. Burada yüzilliklərə söykənən etnik, tarixi və sosial reallıqlar da var. Ona görə də bu cür proseslərin davam etməsi labüddür. Amma bugünkü situasiyada bu prosesin irəliləməsi və tərəflər arasında konsensusun olması olduqca vacibdir".

Politoloq qeyd etdi ki, Ermənistan təxribatlara real son qoymalıdır:

"Spikerin Gürcüstan sərhədindən İran sərhədinədək xəttin müəyyənləşdirilməsi haqda dedikləri, əslində Bakının illərdir tələb etdiyi prinsipin  "ərazi bütövlüyünün tanınması"nın praktik təsdiqidir. Bu həm də onu göstərir ki, artıq İrəvan üçün də realist yanaşma dominant mövqeyə çıxmağa başlayır. Bu prosesin sülh sazişinə təsiri isə açıq-aşkar pozitivdir. Sərhədlərin müəyyənləşməsi, tərəflər arasında inamın artması deməkdir. Əgər sabah bir sərhəd xəttində təxribat baş verərsə, bu artıq konkret koordinatlarla ölçüləcək və məsuliyyət də bilavasitə həmin koordinat çərçivəsində dəyərləndiriləcək. Yəni bu, mübahisə və manipulyasiya imkanlarını minimuma endirəcək. Sülh sazişi üçün fundamental baza qarşılıqlı olaraq tanınmış sərhədlərdir. Əlbəttə, burada diqqətdən qaçırılmamalı olan bir nüans da var, bu prosesin davam etməsi üçün üçüncü tərəflərin, xüsusilə destruktiv yanaşma sərgiləyən aktorların prosesə müdaxiləsi minimuma endirilməlidir".

Müsahibimizin sözlərinə görə, Fransa və bəzi Avropa dairələrinin sülh prosesini öz maraqları naminə ləngitməyə çalışdığı bir vaxtda, belə pozitiv dinamikaların saxlanılması olduqca həssas məsələdir.

"Azərbaycan üçün isə bu məqamda əsas məsələ budur ki, bu texniki proses siyasi iradə ilə üst-üstə düşürmü? Hələlik görünən odur ki, Ermənistan sabit və davamlı davranmır.  Nəticə olaraq demək olar ki, delimitasiya və demarkasiya prosesi sadəcə xəritədə xətlərin çəkilməsi deyil – bu, bölgədə yeni reallığın siyasi, hüquqi və psixoloji əsaslarını formalaşdıran strateji mərhələdir. Bu mərhələnin uğurla başa çatması isə regionun gələcəyi naminə sülh sazişinin imzalanmasını labüd edir", - deyə Tural İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI