"Ankara-Vaşinqton yaxınlaşması, ABŞ-nin Azərbaycana marağının artmasına gətirib çıxaracaq"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edib.
Səfər iki dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın Türkiyə Prezidentini ölkəsinə səfərə dəvət etməsi, ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir.
"Nəzərə alaq ki, Türkiyə ABŞ-nin əsas müttəfiqlərindən biridir. Hazırda rəsmi Vaşinqton Yaxın Şərq siyasətini əsasən Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirir. Xüsusilə də Tramp və Ərdoğan arasında yüksək səviyyəli münasibətlərin olması, bu əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir. Düşünürəm ki, iki dövlət arasındakı münasibətlərin bundan sonrakı mərhələsi daha da aydın formada özünü büruzə verəcək".
Müsahibimizin sözlərinə görə, hazırda dövlətlər arasında əsas problem Suriyada baş verən hadisələrlə bağlıdır.
"Tramp administrasiyasının müdafiə etdiyi İsrail, faktiki olaraq Suriyada Türkiyənin mövqelərinə ciddi formada xələl gətirir. İsrail faktiki olaraq Suriyadan Türkiyəni sıxışdırıb, çıxarmağa çalışır. Yəqin ki, Tramp və Ərdoğan görüşündə bu məsələlər geniş formada müzakirə ediləcək. Ümumilikdə, Vaşinqton və Ankara arasında münasibətlərin normal məcrada inkişaf etməsi, paralel formada Vaşinqton və Bakı arasındakı münasibətlərə də ciddi təsir göstərəcək. Türkiyə və ABŞ münasibətlərinin normallaşması, ABŞ-nin Azərbaycana marağının artmasına gətirib çıxaracaq", - deyə politoloq bildirdi.
Aytəkin TOFİQQIZI