"Azərbaycan haqlı olaraq İranın obyektiv vasitəçiliyinə şübhə ilə yanaşıb"

 17:11 06.05.2025     109

"İran Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə öz vasitəçiliyini irəli sürüb. Xüsusilə, vasitəçiliyi prezident Məsud Pezeşkianın etməsi vurğulanıb. Təbii ki, Prezident Məsud Pezeşkianın şəxsən obyektivliyinə şübhə yoxdur. O, səmimi şəkildə regionda sülhün tərəfdarıdır. Amma, İran tərəfi burada öz siyasətini həyata keçirməyə çalışır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib  ki, uzun illər İran Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını irəli sürüb:

"Azərbaycan haqlı olaraq İranın obyektiv vasitəçiliyinə şübhə ilə yanaşıb. Çunki, İran daima Ermənistanı dəstəkləyib. Hazirda isə, İran tərəfi Pezeşkianın Azərbaycan tərəfindən yüksək səviyyədə müsbət qarşılandığını fərqindədir. Məhz Pezeşkianın azərbaycanlı kimliyi onun iki ölkə arasında vasitəçilik missiyasının Azərbaycan tərəfindən qəbul ediləcəyini hesab edirlər. Əgər, bu kimi danışıqlar baş tutarsa, Pezeşkiana beynəlxalq hüquqa uyğun olaraq obyektiv şəkildə vasitəçiliyinə mühafizəkar dairələr imkan verməz. İran tərəfi Pezeşkianın azərbaycanlı kimliyindən istifadə edib, Azərbaycanla Ermənistan arasında vasitəçi olması, onun regional mövqeyini gücləndirməsinə hesablayıb. Amma, Azərbaycan tərəfi prezidentin kimliyindən asılı olmayaraq İranın vasitəçiliyini səmimi qəbul edə bilməz. Həmçinin, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara üstünlük verib".

Vasif ƏLİHÜSEYN