Azərbaycan Asiya ölkələri üçün cəlbedici bir dövlətə çevrilib - AÇIQLAMA

 19:39 07.05.2025     343

"Vyetnam bir Asiya ölkəsi olaraq, Azərbaycanla münasibətlərini yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələrdən biridir. Yəni Vyetnam və Azərbaycan arasında o qədər də yaxın və intensiv əlaqələr mövcud deyil".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Azərbaycan və Vyetnam münasibətlərindən danışarkən bildirdi.

"Başa düşülür ki, indi bu münasibətlərin inkişaf etdirilməsi üçün zərurət yaranıb. Əslində bu o qədər də gözlənilməz hadisə sayılmır. Çünki dünyada hazırda mövcud olan iqtisadi və siyasi sistem artıq dəyişmək üzrədir. Yeni iqtisadi-siyasi münasibətlər sistemi yaranmağa başlayıb. Bu baxımdan Azərbaycan Asiya ölkələri ilə iqtisadi və ticarət münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir".

Politoloqun sözlərinə görə, Vyetnam və digər Asiya ölkələri də Azərbaycanla münasibətlərinin inkişafına önəm verməyə başlayıblar:

"Bu da onu göstərir ki, Azərbaycan iqtisadi və ticari baxımdan artıq Asiya ölkələri üçün cəlbedici bir dövlətə çevrilib. Yaxın gələcəkdə bu prosesin daha da intensivləşə biləcəyi qətiyyən istisna deyil".

Aytəkin TOFİQQIZI