Gəncədə kitabxanaların rolu və rəqəmsal transformasiyası müzakirə olundu

 02:54 08.05.2025     289

Gəncə Dövlət Aqrar Kollecində keçirilən forumda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Redaktor.az xəbər verir ki, forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov kitabxanaların təhsil və elm mühitində oynadığı əvəzsiz rolu qeyd edərək, müasir universitet kitabxanalarının yalnız məlumat mənbəyi deyil, həm də elmi tədqiqatların və innovasiyaların dəstək mərkəzinə çevrilməli olduğunu bildirib və ADAU-da kitabxana işinin müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov çıxış edərək tədbirin müasir dövrümüz üçün əhəmiyyətini diqqətə çatdıraraq forumun işinə uğurlar arzu edib.

Forumun birinci paneli “Ali Təhsil Kitabxanalarının Transformasiyası: Problemlər və Perspektivlər” mövzusunda baş tutub. Panelə ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirov moderatorluq edib. Panel müzakirələrində SDU Kitabxana və İnformasiya Mərkəzinin direktoru Leyla Allahverdiyeva, UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, BookZone Gəncə Kitab Evinin icraçı direktoru Mahir Hüseyn və Azərbaycan Texniki Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva çıxış ediblər. Natiqlər ali təhsil müəssisələrinin kitabxanalarında yeni xidmət modelləri, resurs çatışmazlıqları və müasir çağırışlara uyğun transformasiya məsələləri ətrafında fikir bildiriblər.

İkinci panel “Rəqəmsal İnkişaf və Kitabxanalar: Yeni Texnologiyalara İnteqrasiya” mövzusuna həsr olunub. Moderatorluğu ADAU Əsaslı Kitabxanasının direktoru Kamil Məmişovun etdiyi paneldə müxtəlif universitetlərin təmsilçiləri ali məktəb kitabxanalarının rəqəmsal transformasiyası mövzusunda fikir mübadiləsi aparıblar. Paneldə AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Oruc Quliyev, Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzinin direktoru Dönməz Xəlilov, ADA-nın Kitabxana və İnformasiya Xidmətləri Departamentinin direktoru Elçin Məmmədov, Qərbi Kaspi Universitetinin Kitabxana müdiri Nigar Babayeva çıxış edərək rəqəmsal mühitə keçid, süni intellektin tətbiqi və istifadəçi yönümlü xidmətlər barədə fikirlərini bölüşüblər.

Forumun sonunda iştirakçılar universitet kitabxanalarının inkişafında təcrübə və ideya mübadiləsinin, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

2222