"Kəşmir məsələsi Pakistanın "milli namusu" kimi qəbul olunur" - AÇIQLAMA

 17:23 08.05.2025     97

"Pakistan üçün əsas məsələ Kəşmirdir. Bu, sadəcə bir ərazi deyil, həm də milli kimliyin və ideologiyanın simvoludur. Hindistanın 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsi İslamabadda "qırmızı xətt" kimi qəbul edildi".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov Hindistan-Pakistan münaqişəsinin gedişatını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Pakistan Hindistanın Cammu və Kəşmirlə bağlı məlum qərarını beynəlxalq hüququn pozulması, BMT qətnamələrinin rədd edilməsi və müsəlman əhaliyə qarşı haqsızlıq kimi görür:

"Pakistan, Hindistanın "daxili məsələ" arqumentinə qarşı, beynəlxalq tribunalarda fəallığını artıracaq. İslam Əməkdaşlıq Təşkilatı, BMT, Çin və Türkiyə kimi strateji müttəfiqlərlə əməkdaşlıq genişlənəcək. Pakistan Hindistanın insan haqları pozuntularını qabartmaqla beynəlxalq təzyiq yaratmağa çalışacaq və bu da çox önəmlidir".

Politoloqun sözlərinə görə, Çinlə olan "hər hava şəraitində dostluq" daha da strateji səviyyəyə qalxır.

"Hindistanın Cənubi Asiyada dominant güc olma planlarına qarşı, Pakistan Çin vasitəsilə həm iqtisadi, həm də hərbi tarazlıq yaratmaq istəyir. Bu, həm də Kəşmirdə Hindistanın mövqelərini sıxışdırmaq üçün vacib yoldur. 
Bəlkə də Pakistan Əfqanıstan və İran kimi qonşulardakı dəyişkən vəziyyətdən Hindistana qarşı kart kimi istifadə edə bilər. Pakistan baxımından gələcəkdə Hindistanla "total müharibə" ehtimalı minimaldır, amma diplomatik, psixoloji və informativ müharibə davam edəcək. Kəşmir məsələsi Pakistanın "milli namusu" kimi qəbul olunduğundan, bu mövzuda güzəşt çox çətin görünür", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI