"PKK-nın ləğvi Türkiyə həyatında böyük bir dəyişiklik yaradacaq" - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, PKK (Kürdistan İşçi Partiyası) özünü ləğv etdiyini açıqlayıb. Terrorçu təşkilat Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.
PKK-nın ləğvi Türkiyənin həyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, PKK-nın ləğvi Türkiyə həyatında böyük bir dəyişiklik yaradacaq. Onun fikrincə, bu, Türkiyənin daha vacib problemlərə diqqətini yönəltməsinə imkan verəcək.
"Əks halda, ölkə bu məsələnin ağırlığını uzun illər boyu daşımalı olacaq. Bu səbəbdən də belə məsələlərdə, məncə, Türkiyənin daxili problemlərinin həllinə yönəlməsi daha vacibdir. Çünki ordunun ölkə xaricində terrora qarşı mübarizə aparması həm böyük məsrəf tələb edir, həm də davamlı gərginlik yaradır. Əgər bu məsələ həqiqətən yekunlaşar və silahlar tamamilə buraxılarsa, bu, Türkiyə cəmiyyətində demokratikləşməyə daha sülhsevər və mədəni yollarla töhfə verə bilər", - deyə Fazil Mustafa vurğuladı.
Xədicə BAXIŞLI