Vyetnam da həmin dəstəyi göstərən dövlətlər sırasında idi... - AÇIQLAMA

 18:41 12.05.2025     127

"Prezident İlham Əliyevlə Vyetnamın dövlət başçısı arasında görüş baş tutub. Bu görüş zamanı tərəflər arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalandı. O cümlədən, fərqli-fərqli sahələri - energetika, müdafiə sənayesi, mədəniyyət, rəqəmsal inkişaf, elm və texnologiyalar sahəsini əhatə edən əməkdaşlıq sənədləri imzalanıb".

Bu barədə Redaktor.az-a politoloq Sultan Şahidov Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışarkən bildirdi. Onun fikrincə, bu, bir daha iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi qeyd oluna bilər:

"Azərbaycanla Vyetnam arasında əməkdaşlıq üçün böyük potensial var. Bu potensialı dəyərləndirmək baxımından, səfər zamanı keçirilən görüş və imzalanan sənədlər əhəmiyyət kəsb edir. Azərbaycan xarici siyasətində 2020-ci ilə qədər əsas məqsədi ərazi bütövlüyünü təmin etmək idi. Bu məsələ həll olunduqdan sonra Azərbaycan artıq fərqli istiqamətlərdə xarici siyasət yeritmək, fərqli regionlarda yerləşən ölkələrlə əlaqələri təmin etmək strategiyasını rəhbər tutub. Bu strategiya çərçivəsində biz bu gün Azərbaycanın Afrika, Latın Amerikası, Uzaq Şərq ölkələri ilə əlaqələr yaratdığını görürük. Vyetnam Cənub-Şərqi Asiyada özünün iqtisadi, turistik potensialına görə aparıcı ölkələrdən biri hesab olunur. Azərbaycanın bu baxımdan Vyetnamla əməkdaşlığı hər iki ölkə üçün yeni imkanlar gətirəcək. Eyni zamanda Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində nüfuzunu, statusunu daha da qaldıracaq. Ən sonda ölkəmizin inkişafına, maraqların təmin olunmasına vəsilə olacaqdır".

Politoloq: Fransanın Ermənistanı himayə etməsi onun beynəlxalq hüququn  normalarını kobudcasına pozduğunu göstərir - AZƏRTAC

Politoloqun sözlərinə görə, Azərbaycan xarici siyasətində əsas prinsiplərdən biri dünyanın fərqli regionlarındakı ölkələrlə bərabər səviyyəli əməkdaşlıq əlaqələri yaratmaq və əlaqələri bərkitməkdir.

"Bu gün Azərbaycan görürük ki, regional və beynəlxalq səpkidə bir çox məsələlərin və problemlərin həllində iştirak edir. Bu məsələlərin həllində iştirak, sözsüz ki, ölkəmizin digər ölkələrlə açıq təmaslar qurmasına, məlumat mübadiləsi həyata keçirməsinə, əməkdaşlığı dərinləşdirməsi zərurəti yaradır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə bu hərəkatın bir lider ölkəsi kimi bir çox məsələlərdə, o cümlədən pandemiya ilə bağlı məsələlərdə təşəbbüslər irəli sürdü. Bu təşəbbüslər Qlobal Cənub ölkələri üçün müsbət faydalar verməkdədir. Digər tərəfdən, xatırlayaq ki, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə verilən qətnamə layihəsinin qəbul olunmamasında da Vyetnam və digər Qoşulmama Hərəkatı ölkələrinin səsi vacib rola malik oldu. Bu, bizim diplomatiyamızın bəhrəsidir ki, biz artıq Qlobal Cənubun böyük dəstəyini hiss edirik. Vyetnam da həmin dəstəyi göstərən dövlətlər sırasında qeyd olunmalıdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI