"Putin görüşə gələcəksə, Ukraynanın mövqeyini qəbul etmiş olacaq" - Politoloq

 17:44 13.05.2025     107

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa çağırış edərək onunla şəxsən Türkiyədə görüşməyə hazır olduğunu bildirib. O, bildirib ki, cümə axşamı Putini Türkiyədə gözləyəcək.

Tərəflər arasında görüş baş tuta bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, Zelenskinin bu açıqlamasının iki hədəfi var.

"Birinci hədəf təbii ki, Putinlə söhbət Ukraynanın münaqişənin həllindəki maraqlarına uyğundur. Üzbəüz birbaşa görüş müharibə başladıqdan sonra Zelenski və Putin arasında baş tutmayıb. Görüşdə Zelenski haqlı mövqeyini ictimaiyyətə çatdıra biləcək, digər tərəfdən öz legitimliyini təmin edəcək. Çünki Rusiya hakimiyyəti Zelenskini legitim hesab etmir. Ukraynada müharibəyə görə seçkilərin təxirə salındığını bilirik. Rusiya da bundan istifadə edərək Zelenskini legitim tərəf hesab etmir. Belə bir görüş keçirilərsə, Zelenski haqlı tərəflərini ortaya qoyacaq. Rusiyaya Ukrayna hakimiyyətinin legitimliyini qəbul etdirməli olacaq. Zelenski Türkiyədə Putini gözlədiyini deyib".

Politoloqun sözlərinə görə, Rusiya Zelenski və Putin görüşünü qəbul etməyəcək.

"Görüşü qəbul edərlərsə, Zelenskinin mövqeyinin qəbul olunması mənasına gələcək. Bu səbəbdən Putin bunu qəbul etməyəcək. Bu isə danışıqların Rusiya tərəfindən pozulduğu mənasına gəlir. İstanbulda danışıqlar təbii ki, Ukraynanın maraqlarına uyğundur. Zelenskinin açıqlama verməsi bir növ Putini dilemma qarşısında qoyur. Putin görüşə gələcəksə, Ukraynanın mövqeyini qəbul etmiş olacaq. Gəlməyəcəksə də, bu, danışıqların pozulması deməkdir. Mənim fikrimcə, görüş baş tutmayacaq. Görüş baş tutacaqsa, hadisələrin Ukraynanın xeyrinə dəyişməsi ilə nəticələnə bilər. Amma dediyim kimi, böyük ehtimalla Putin-Zelenski görüşünün Zelenskinin istədiyi formatda keçirilməsi mümkün görünmür", - deyə A.Nərimanlı fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI