PKK sözündən dönə bilərmi?

 16:44 13.05.2025     101

PKK terror təşkilatı ötən gün özünü ləğv etdiyini açıqlayıb. Maraqlıdır ki, PKK tərəfindən bir neçə dəfə silahı yerə qoyacaqları ilə bağlı bəyanatlar olub, lakin sözlərini yerinə yetirməyiblər. 

Bəs terrorçular yenə də sözlərindən dönə bilərlərmi?

Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, PKK-nın verdiyi qərar bir neçə məsələni özündə ehtiva edir:

"İlk növbədə bundan öncə də təşkilat belə qərarlar qəbul edib. Ancaq praktikada yerinə yetirməyib. Bu hər hansısa taktiki məsələ də ola bilər ki, PKK bununla güc toplamağı nəzərdə tuta bilər. İkinci məsələ isə həqiqətən də PKK-nın özü-özünü buraxmaq barədə qərar verməsi ehtimalıdır. Çünki Suriyada Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra, Türkiyə hökumətinin fəaliyyəti nəticəsində Avropa ölkələrinin bir çoxu PKK-nı terror təşkilatı kimi tanıdıqdan sonra bu təşkilata gələn maliyyə qaynaqlarında ciddi problemlər yaranıb. Eyni zamanda təşkilatın hərəkət mexanizmi də olduqca gərginləşib. İstifadə etdiyi yollarda ciddi dəyişikliklər baş verib. Onun əsas fəaliyyət göstərdiyi ərazilər İraqın şimal hissəsi və Suriya əraziləridir. Artıq Suriya ərazisində ciddi çətinliklərlə üzləşib. Çünki Suriyadakı öz ənənəvi müttəfiqlərini itirib və Suriyada onunla əməkdaşlıq edən bəzi qruplaşmalar artıq yeni hökumət tərəfindən ya məhv edilib, ya da onların tərəfinə keçib".

zeynal serh

Müsahibimiz qeyd etdi ki, ən yaxşı variant məhz Türkiyə hökümətinə təslim olmaq və prosesi daha fərqli müstəviyə keçirməkdir.

"Ancaq bu, PKK-nın başlatdığı mübarizənin bitməsi anlamına gəlməməlidir. Çünki faktiki olaraq bu təşkilat və ona bağlı olan siyasi qüvvələr Türkiyədə açıq şəkildə separatçılıq təbliğatı aparırlar. Artıq Türkiyə hökuməti ciddi ehtiyat tədbirləri görməlidir. Küçələrdə çaxnaşmalar ola bilər. PKK-dan ayrılan şəxslər hər hansı cinayət işlərinə cəlb oluna bilərlər. Buna görə də Türkiyə hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət düşür", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI