"İkinci Qarabağ müharibəsindən sonra ermənilər itirdiklərini müzakirə edir"

 15:54 14.05.2025     152

"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sərkisyanı korrupsiyaya qurşanmaqda ittiham edərək, onların həbs olunmamalarını lütfkarlıq kimi qiymətləndirdi. Paşinyan bunu ona görə səsləndirdi ki, radikal müxalifət baş nazirə qarşı eyni ittihamlarla çıxış edir. Paşinyan isə topu radikalların meydanına atdı. Əslində Köçəryan və Sərkisyan korrupsiya ilə yanaşı Qarabağda separatçılığa başlamaqla, Azərbaycan ərazisində qətliamlar törətməklə və nəticədə Ermənistanı və erməniləri faciəyə sürüklədiklərinə görə məhkum olunmalıdırlar".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlətinə görə, Robert Köçəryan Paşinyana cavab vermək əvəzinə oğlu Levonu qabağa verib:

"Levon Köçəryan parlamentdəki çıxışı zamanı Paşinyan və onun komandasının ünvana ağır ittihamları təkrarlayıb, nəticədə dava düşüb və o qorxusundan parlamenti tələsik tərk edib.

Bu arada, Ermənistan prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın oğluna qarşı cinayət işi açıb. Məlum olub ki, İkinci Qarabağ müharibəsi zamanı Artur Ohanyan komandanlığın tapşırığını yerinə yetirməyərək döyüş mövqeyindən qaçıb. Atası da müharibə zamanı Qarabağa gələrək, mövcud vəziyyəti özü üçün müəyyənləşdirdikdən sonra geri qaçmışdı. Oğul atasına oxşayıb. İkinci Qarabağ müharibəsindən 4 ildən çox vaxt keçib, bunlar hələ “mövqeləri kim tərk edib” sualına cavab tapa bilmirlər. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda da illər uzunu torpaqların işğalı mövzusu müzakirə olunurdu. Allaha şükür problemi həlli etdik, İkinci Qarabağ müharibəsindən sonra rollar dəyişib, indi ermənilər itirdiklərini müzakirə edir və bu uzun illər davam edəcək".

Vasif ƏLİHÜSEYN