“Mənim üçün Paşinyan daha səmimidir” - Üzeyir Cəfərov

 13:02 15.05.2025     112

"Nikol Paşinyanın özünün çox böyük çətinlikləri var. Ölkə daxilində və ordu sıralarında problemlər mövcuddur. Bu məsələlər sırf Paşinyanın iradəsindən kənar şəkildə baş verir. Çünki bu gün Ermənistan Silahlı Qüvvələrində kifayət qədər digər ölkələrə bağlı şəxslər var".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozmasını şərh edərkən bildirdi.

"Unutmayaq ki, Ermənistan ərazisində Rusiyanın 102-ci bazası var, Rusiya sərhədçiləri var, özünümüdafiə dəstəsi var. Buna görə baş verənlər dünən də olub, bu gün də var, sabah da olacaq.

Deyim ki, mənim üçün Paşinyan daha səmimidir. Çünki Paşinyan doğrudan da Azərbaycanla vəziyyətin gərginləşməsində maraqlı deyil. Ona görə ki, Paşinyan bilir ki, bu dəfə dövlətinə vurulacaq zərbə təkcə Ermənistana deyil, elə Paşinyanın oturduğu kreslonun da laxlamasına gətirib çıxaracaq. Paşinyan sülh istəyir. Ermənistanın xarici işlər naziri deyib ki, biz tez bir zamanda sülh müqaviləsinin imzalanmasını istəyirik. İstək başqa şeydir, amma reallıq başqa şeydir. Reallıq onu göstərir ki, Ermənistan daxilində hələ də gərginlik ocaqları var. Gərginlik ocaqlarını da qızışdıranlar mövcuddur. Köçəryanın oğlunun parlamentdə spikerlə davasını yada salaq, Köçəryanın aktivləşməsini nəzərə alaq, Köçəryanın Rusiya Prezidenti tərəfindən ad günü münasibətilə təbrik olunmasını xatırlayaq. Serj Sarkisyan faktoru var, çox faktorlar var", - deyən polkovnik vurğuladı ki, buna görə də atəşkəs pozulub, pozulur və pozulacaq.

"Mən qətiyyən Paşinyanı müdafiə etmək istəmirəm. Sadəcə, Paşinyanın özü də çətin vəziyyətdədir. Deyir ki, Azərbaycan tələblər irəli sürür və bu tələblər yerinə yetirilməlidir. Paşinyana çox böyük təzyiqlər var. Təzyiqləri dəf etmək üçün bacardığını edir.

Hesab edirəm ki, Paşinyan bu çətinliklərin öhdəsindən gələcək və inşallah, tezliklə Azərbaycanla ən azından çərçivə sazişi də olsa bir sənəd imzalanacaq",- deyə Üzeyr Cəfərov bildirdi.

Aytəkin TOFİQQIZI