Fransa artıq meydanı özü üçün tək görə bilmir - AÇIQLAMA

Fransa və Əlcəzair arasında gərginlik səngimir. Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.
Baş verənlər ölkələr arasındakı münasibətlərin gedişatına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Fransa və Əlcəzair arasında belə bir vəziyyətin yaranması tərəflər arasında da, regional müstəvidə də təsirsiz ötüşməyəcək:
"Birincisi, uzun illər Əlcəzair Fransanın müstəmləkəsi, işğalı altında olub. Fransanın ən amansız müstəmləkə siyasəti yeritdiyi ölkələrdən biri Əlcəzair olub. Hətta Fransada vətən müdafiəsində iştirak edən əlcəzairli insanların kəllə sümükləri hələ də muzeydə saxlanılmaqdadır. Bu, əlbəttə, Əlcəzair tərəfində ciddi narazılıq doğurur".
Politoloq qeyd etdi ki, Fransanın tutduğu mövqe ikinci məsələdir.
"Fransa Afrikada artıq getdikcə aqressivləşir. Bu da həmin Afrika ölkələri üçün heç də xoş qarşılanmır. Bunun səbəbləri Rusiyanın, Türkiyənin orada gücünün artmasıdır. Fransa artıq meydanı özü üçün tək görə bilmir.
Düşünürəm ki, əgər münasibətlər gərginləşəcəksə, bu, Fransanın Afrika siyasətində ciddi problemlər yaradacaq. Fransanın təsiri azalsa da, belə hallarla əslində Fransa özünü Afrikadan təcrid etmiş olur. Bu gərginliyi ya Fransa tərəfi səngitməlidir, ya da domino effekti ilə Fransaya qarşı digər Afrika ölkələri də eyni addımı ata bilər",- deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI