"Avropada anlayırlar ki, Cənubi Qafqazı Azərbaycansız təsəvvür etmək mümkün deyil"

"Cənab Prezident İlham Əliyevin Albaniyaya səfəri zamanı Avropa liderləri ilə keçirdiyi görüşlərə dair yayılan videokadrlardan da göründüyü kimi, vacib və əhəmiyyətli müzakirələr baş tutub".
Bu fikiri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Prezident İlham Əliyevin Albaniyaya səfərini şərh edərkən bildirdi.
"Xüsusilə də cənab Prezidentin orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşləri Azərbaycanın xarici siyasət strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Əlavə olaraq, biz sammitin mövzularına və formatına nəzər saldıqda görürük ki, burada Azərbaycana ciddi ehtiyac var. Tiranada və Qranadada keçirilən görüşləri müqayisə etdikdə, yerlə göy qədər fərqin olduğunu açıq şəkildə müşahidə etmək mümkündür. Avropa liderləri də yaxşı anlayırlar ki, Azərbaycansız Cənubi Qafqazı təsəvvür etmək mümkün deyil".
O, hesab edir ki, bu səfər çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilən görüşdə Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinin tam yekunlaşması mövzusunda müzakirələr aparılmış ola bilər.
"Eyni zamanda, Türkiyə ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində danışıqların aparılması, Fransada kəskinləşən münasibətlərin aradan qaldırılması üçün isə Makronun əvvəlki sərt ifadələrindən sonra münasibətlərin normallaşmasına doğru bir yaxınlaşmanın olması mümkündür", - deyə Samir Hümbətov qeyd etdi.
Xədicə BAXIŞLI