"İranın Azərbaycana, Azərbaycanın isə İrana ehtiyacı var" - Deputat

 16:45 19.05.2025     174

"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra İran-Azərbaycan münasibətlərində yeni bir səhifə açılmaqdadır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri və Tehran Dialoq Forumunda iştirakı da bu prosesin addım-addım irəliyə getməsindən xəbər verir".

Bu barədə Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tehran Dialoq Forumunda iştirak üçün İrana etdiyi səfərdən danışarkən bildirdi.

"Məsələ ondadır ki, hazırkı tarixi mərhələdə Azərbaycanın da, İranın da maraqları onu diktə edir ki, iki ölkə arasında münasibətlər yaxşı olsun. Çünki çox mürəkkəb məsələlərdən keçən beynəlxalq münasibətlər sistemində ortaya çıxan həqiqət var ki, regional ölkələr, qonşu ölkələr yalnız regional əməkdaşlıq platformasında səmərəli tərəfdaşlıq etməklə öz iqtisadi, siyasi və kommunikasiya təhlükəsizliklərini qoruya bilərlər".

Deputat qeyd etdi ki, hardan baxılırsa baxılsın, İranın Azərbaycana, Azərbaycanın isə İrana ehtiyacı var.

"Düşünürəm ki, Prezidentin köməkçisinin verdiyi isti mesajlar, İran-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bir daha əslində həqiqətin dilə gətirilməsi idi. İranda keçirilən yüksək səviyyəli görüşlər ondan xəbər verir ki, iki ölkə arasında etimad mühiti yaranmaqdadır. Süni formada kimlərsə, başda Ermənistan olmaqla, 3-cü ölkələr Azərbaycanı İrana, İranı isə Azərbaycana təhdid kimi göstərməyə çalışırdılar və beləliklə səmimi dialoqun önünü kəsirdilər. Məncə, bu gün artıq İran və Azərbaycan arasında, 3-cü tərəflərin bütün cəhdlərinə baxmayaraq, səmimi dialoq baş tutmaqdadır. İran artıq bilməlidir ki, Azərbaycan heç vaxt onu təhdid etməyib və təhdid etməyəcəkdir. Azərbaycan da arxayın olmalıdır ki, İran regionda əməkdaşlığa açıq olacaqdır. Düşünürəm ki, bu əməkdaşlıq üçün yaxşı perspektivlər var və proseslər belə davam edərsə, yaxın illərdə İran-Azərbaycan münasibətləri tamamilə yeni bir səviyyəyə qalxa bilər", - deyə H.Babaoğlu fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI