"Bir var ki, ətrafında yaxşı qonşular olsun, bir də var ki, sanksiya altında olan qonşu olsun"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda səfərdə olub. Səfər zamanı Hikmət Hacıyev bildirib ki, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq davam etdirilməli, ikitərəfli əlaqələr gücləndirilməlidir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, İran bizim üçün çox vacib ölkədir:
"Nəzərə alsaq ki, həm Naxçıvan, həm Türkiyə, həm də Şərqlə əlaqələrimizdə tranzit rolu oynayır. Ölkənin Çindən, Hindistandan idxalı İranın üzərindən həyata keçir. Azərbaycanın Naxçıvanla əlaqələri də hazırda 30-35 ildir İran üzərindən mümkün olur. Bizim üçün İran olduqca vacib tranzit ölkəsidir.
İkinci məsələ isə, bizim İranla əməkdaşlığımızı artırmağımız yaxşıdır. Burada digər layihələr də var, kommunikasiya layihələri var, Araz dəhlizinin qurulması, eyni zamanda Araz çayı üzərində su elektrik stansiyasının qurulması, enerji əməkdaşlığı mövcuddur. Bundan başqa, İranla ticarət məsələsi bizim üçün vacibdir. İrandan idxal-ixrac məsələləri çox təəssüf ki, aşağı səviyyədədir. Burada məsələ ondan ibarətdir ki, iki ölkə arasındakı münasibətlər zəif inkişaf edib. Bundan əlavə olaraq buna Amerikanın, Avropanın tətbiq etdiyi sanksiyaların böyük rolu olmuşdur. İrandan mal alıb, pulunu ödəmək ciddi problemdir. Amerika, Avropa bankları avroda və dollarda İrana ödənişləri boykot edib. Bu cür maliyyə sanksiyaları da var. İranı blokadaya salıb sıxırlar".
İqtisadçı qeyd etdi ki, İranın yaxşılaşması, İranın varlanması Azərbaycanın marağına uyğundur:
"Çünki ora bazardır, biz orada həm məhsul sata bilirik, həm də idxal edirik. İdxalımızda müəyyən rolları olsa da, ixracımızda ciddi problemlər var. Bunun səbəbi ondan ibarətdir ki, iki ölkə də enerji istiqamətində formalaşıb. Hər iki ölkə neft-qaz satır. Əsasən Azərbaycan neft-qaz satır. İrana neft-qaz satmayacağıq ki. Yəni bu baxımdan İranla bizim əməkdaşlığımızın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafına da təsir göstərə bilər.
Avropa ona görə Avropadır ki, qonşuları həm yaxşıdır – Avstriyanın qonşusu Almaniyadır, Çexiyadır və s. Bir var ki, ətrafında belə yaxşı qonşular olsun, qonşularla da yaxşı münasibət qurasan, bir də var ki, ətrafında kasıb qonşular olsun, sanksiya altında olan qonşu olsun, quru sərhədləri də bağlı olsun. Bunların hamısı ölkəmizin inkişafına mənfi təsir göstərir. Xüsusilə, quru sərhədlərin bağlı olması İran turistlərinin ölkəyə gəlməsinə maneə olur. Gediş-gəlişin çətin olması maliyyə sahəsində şirkətlər arasında əlaqələrin inkişaf etməsinə ciddi mənfi təsir göstərir. İranla həm iqtisadi, həm ticarət, həm siyasi, həm nəqliyyat sahəsində olan əməkdaşlıq ölkəmizin strateji maraqlarına uyğundur", - deyə Xalid Kərimli vurğuladı.
Xədicə BAXIŞLI