Azərbaycan "İbrahim Sazişi"nə qoşula bilər? - AÇIQLAMA

 13:33 20.05.2025     298

Azərbaycan yaxın zamanda “İbrahim Sazişi”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır. Bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində bildirib.

Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, Azərbaycan "İbrahim Sazişi"nə daxil olmadan belə İsrail və ərəb ölkələri ilə münasibətləri çox yüksək səviyyədədir:

"Bu münasibətlər Azərbaycana Yaxın Şərqin bir ölkəsi olmaq üstünlüyünü də qazandırır. Hətta Azərbaycan 2006-cı ildən Ərəb Liqasının müşahidəçi üzvüdür. İsraillə regionda müxtəlif energetika layihələrində iştirak edib, gələcəkdə bu əlaqələrin inkişaf edəcəyi gözlənilir. Eləcə də ərəb ölkələri ilə müxtəlif iqtisadi və energetika layihələrində birgə fəaliyyət göstərir və bu fəaliyyət genişlənə bilər. Azərbaycanın İsraillə hərbi əməkdaşlığı da çox yüksək səviyyədədir".

Politoloqun fikrincə, Azərbaycanın "İbrahim Sazişi"nə daxil olması, elə də vacib sayıla bilməz.

"İkinci tərəfdən, Azərbaycan bloklara qoşulmur. Azərbaycanın nə İsraildən, nə ərəb ölkələrindən, nə də İrandan – "İbrahim Sazişi"nə daxil olmayan digər ölkələrdən – qorunması üçün bir problem yoxdur. Bu baxımdan, Azərbaycanın belə bir blokda olması vacib sayılmır. "İbrahim Sazişi"ndə olsa da, Azərbaycana problem yoxdur, olmasa da. Çünki region ölkələri Azərbaycanın özünə yaxındır",- deyə Sədrəddin qeyd etdi.

Xədicə BAXIŞLI