"Bu, Amerikanın dünya miqyasında məğlubiyyətinin etirafıdır" - Zərdüşt Əlizadə

 15:58 20.05.2025     212

ABŞ Prezidenti Donald Tramp ötən gün Ukrayna və Rusiya liderləri ilə telefon danışığından sonra bəyan edib ki, əgər gözlənilən dəyişikliklər baş verməsə, ABŞ Ukrayna üzrə nizamlanma prosesindən geri çəkiləcək.

Donald Tramp nizamlama prosesindən geri çəkilərsə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyət necə olacaq?

Redaktor.az-a mövzu ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Donald Tramp geri çəkilə bilər.

"Amerikanın prezidentidir, xarici siyasət sahəsində əsas təşəbbüs və qərarlar onun ixtiyarındadır. Donald Tramp çəkilə bilər, bu vaxt hər şey Avropanın mövqeyindən asılı olacaq. Avropa əgər Ukraynaya kifayət qədər kömək göstərsə, Ukrayna müqavimət göstərə biləcək. Belə olduqda müharibə yenə 1–2 il çəkəcək. Bu zaman Rusiyanın imkanları tükənəcək. Məsələ həm də Rusiyaya qoyulan sərt qadağaların icrasından asılıdır. Qadağalar icra olunsa, Rusiyanın imkanları tükənəcək və Rusiya məcbur olacaq ki, hansısa güzəştlərlə razı olsun. Əlbəttə ki, Rusiyanın məğlubiyyəti az ehtimal ediləndir".

Siyasi şərhçi qeyd etdi ki, müharibənin əsas səbəbi Rusiya lideri Vladimir Putindir.

"Yenə deyirəm, hər şey Avropa liderlərindən asılıdır. Avropanın isə 3–4 əsas ölkəsi Rusiyanın hegemonluğuna və Ukraynanı məğlub etməsinə razı deyil. Amerika Ukraynaya dəstək siyasətindən çəkilsə, bu Amerikanın dünya miqyasında məğlubiyyətinin etirafıdır. Ümidini Qərbə bağlayan istənilən dövlət, dövlət başçısı, xalq yanılır", - deyə Zərdüşt Əlizadə vurğuladı.

Aytəkin TOFİQQIZI