"Prezident köməkçisinin İrana səfəri mövcud problemlərin müzakirəsinə əlavə bir fürsət verir" - ŞƏRH

 18:20 20.05.2025     247

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən günlərdə Tehran Dialoq Forumunda iştirak üçün İranda səfərdə olub və mühüm görüşlər keçirib. Bu səfər İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərindən sonra baş tutub və Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından xeyli maraq doğurur. 

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bir müddət bundan əvvəl İran-Azərbaycan münasibətlərində müəyyən gərginlik var idi:

"Artıq münasibətlərdə gərginlik aradan qalxıb. Deyə bilərik ki, iki ölkə arasında əlaqələr yeni bir mərhələyə və yeni bir dövrə qədəm qoyub. Artıq cənab Prezidentin köməkçisi Hikmət Hacıyev İranda səfərdə olub. Burada bir sıra görüşlər aparılıb və müzakirələr həyata keçirilib".

Deputat qeyd etdi ki, qarşılıqlı əlaqələrin inkişafı üçün real addımlar atılır.

"Bir müddət bundan əvvəl İran Prezidenti də Azərbaycana səfər etdi, Azərbaycanda mühüm görüşlər keçirib, açıqlamalar verdi. Hesab edirik ki, belə görüşlər və səfərlər əlaqələrimizin daha da möhkəmlənməsinə, daha da inkişafına öz töhfəsini verəcək. Bu görüşlərlə razılaşdırılmış müzakirələrin gerçəkləşdirilməsi, konkret addımların atılması baxımından əhəmiyyətə və rola malikdir", - deyə C.Məmmədov bildirdi.

Politoloq Sədrəddin Soltan bildirdi ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehran Dialoq Forumunda iştirakı ikitərəfli münasibətlərin, əməkdaşlığın inkişafı, həm də regional təhlükəsizlik məsələləri baxımından önəmlidir:

"Çünki bu dialoq region ölkələri və Əfqanıstan və s. əhatə edir. Prezident köməkçisinin Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşləri Azərbaycanla İran arasında mövcud problemlərin müzakirəsinə əlavə bir fürsət verir".

Müsahibimiz qeyd etdi ki, tərəflərin bir-birinə çatdırılmalı məsələləri bu səviyyədə müzakirə olunur və iki ölkənin rəhbərləri tərəfindən növbəti addımların atılması üçün bir əsas yaradır.

"Bu baxımdan Hikmət Hacıyevin İrana səfəri Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında anlaşılmazlıqların, problemlərin, çətinliklərin həll olunması və əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni bir fürsət yaradır", - deyə politoloq vurğuladı.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2