"ABŞ İrandan həyasızcasına tələb edir ki..." - Zərdüşt Əlizadə

"ABŞ ilə İran arasında razılaşma əldə edilməsi mümkündür. Amma bunun ehtimalı azdır. Çünki Amerikanın mövqeyi hədsiz sərtdir və beynəlxalq hüquqa uyğun deyil".
Politoloq Zərdüşt Əlizadə bu fikirləri Redaktor.az-a ABŞ-İran münasibətlərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, ABŞ İranın suveren dövlət kimi hüquqlarını tapdalayır:
"İrandan həyasızcasına tələb edir ki, Amerika üçün, onun müttəfiqləri üçün qəbul edilmiş hüquqlardan İran istifadə etməsin. Nə üçün? Siz kimsiniz? Nəyin əsasında öz iradənizi zorla qəbul etdirmək istəyirsiniz? İran bununla razılaşmır, görək nə olacaq. Hər halda quru əməliyyatı istisna edilir. Hava üstünlüyündən istifadə edərək Amerika və İsrail İranı vura bilər. İrana qarşı çıxarılan əsas tələblərdən biri odur ki, İsrailin təcavüzkar siyasətinə müqavimət göstərmə".
Z.Əlizadə qeyd etdi ki, ABŞ-nin ərəb dövlətlərinə təsiri nəticəsində onlar əllərini Fələstindən çəkiblər.
"ABŞ İrana deyir ki, ərəb dövlətləri İsrailin işğal siyasətinə müqavimət göstərmirlər, sən də göstərmə. Bunu İran edə bilməz. Çünki hakim ideologiyasının təməlində İslamın və İslam xalqlarının müdafiəsi dayanır. Bunu da onlar terrorçu adlandırırlar. Əgər İsrailə müqavimət göstərən təşkilata sən kömək edirsənsə, deməli, terrorçulara kömək edirsən. Əgər Fələstin xalqı öz torpağının işğalına razı deyilsə, müqavimət göstərirsə, deməli, onlar terrorçudurlar. Amma Fələstin torpaqlarını, ərəb torpaqlarını işğal edən İsrail əla, demokratik dövlətdir, eşq olsun ona, biz ona görə kömək göstəririk, biz ona ağır bombalar, raketlər göndəririk. Amma siz ona müqavimət göstərsəniz, terrorçusunuz. Demək, İran haqlıdır. Nə qədər bu haqlı mövqeyi müdafiə etməyə gücü, imkanı çatacaq, onu Allah bilir. Amma hər halda Amerikanı mən bu məsələdə tam haqsız hesab edirəm",- deyə politoloq vurğuladı.
Aytəkin TOFİQQIZI