"Paşinyan Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək"

"Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib ki, “Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır”. Lavrovun bu açıqlaması kimə ünvanlanıb: Azərbaycana, yoxsa elə Ermənistanın özünə? Onun məlum cümləsi o deməkdir ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə Nikol Paşinyan Sergey Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək.
"Çünki, Paşinyan məhz Rusiyanın iki səbəbdən Ermənistanın maraqlarına zərbə vurduğu qənaətindədir. Birincisi, Paşinyan hesab edir ki, Rusiya 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun Qarabağda anti-terror əməliyyatına imkan verməməli idi. İkincisi, Paşinyan hesab edir ki, Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirdikdə, Rusiya buna adekvat reaksiya vermədi. Halbuki, Rusiyanın Azərbaycana mane olması üçün əsası yox idi".
Vasif ƏLİHÜSEYN