"Azərbaycan xalqı ilə Macarıstan xalqının eyni kökdən gəlməsi əməkdaşlığın dərinləşməsində mühüm faktordur"

Ötən gün Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub. Tərəflər birlikdə mətbuata bəyanatlarla çıxış ediblər.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin Macarıstana səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
"Avropa Birliyinə üzv olan Macarıstanla Azərbaycanın gələcək münasibətləri üçün yaxşı perspektivlər yaradacaqdır. Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı Azərbaycan xalqı ilə Macarıstan xalqının eyni kökdən gəldiyini bildirib. Düşünürəm ki, beynəlxalq münasibətlər sistemində qarşılıqlı münasibətlərin qurulmasında və əməkdaşlığın dərinləşdirilməsində dövlətlərarası münasibətləri motivasiya edən ən mühüm faktorlardan biri bundan ibarətdir. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın neft və qaz yataqlarında Macarıstanı payçı kimi göstərməklə iki ölkə arasında yaxınlığın dərəcəsini ifadə etməyə çalışıb. Yalnız əməkdaşlığı yüksək səviyyədə olan ölkələr arasında belə münasibətlərin mövcud olması mümkündür. Eyni zamanda, Macarıstan Baş naziri Azərbaycana münasibətdə Azərbaycanın etibarlı tərəfdaş olması nümunəsini də qeyd etdi ki, ən kritik vaxtlarda Azərbaycan bizim qazla təminatımıza xüsusi diqqət yetirib və ümid edirik ki, bundan sonra da belə olacaq".
Müsahibimiz qeyd etdi ki, bütün bunlar iki ölkə arasında qarşılıqlı etimad mühiti yaratmaq, əlaqələrin dərinləşməsini və perspektivini təyin edir.
"Üstəlik biz bilirik ki, Macarıstan-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər deyil, həm də çoxtərəfli münasibətlərdir. Macarıstanla əməkdaşlıq etdiyimiz çoxtərəfli platformalardan biri Türk Dövlətləri Təşkilatıdır. Bu çərçivədə, Azərbaycandan sonra Macarıstanın Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin liderlərinin qeyri-rəsmi görüşünün keçirilməsi üçün məkan olaraq Budapeşti təklif etməsi də ölkələr arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Şübhəsiz ki, Azərbaycan Prezidentinin Macarıstana bu səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir. Nəticə etibarilə, Macarıstan Avropa İttifaqının üzvüdür. İki ölkə arasında münasibətlərin inkişaf etməsi üçün yaxşı kompas rolunu oynayacaqdır", - deyə H.Babaoğlu bildirdi.
Aytəkin TOFİQQIZI