Lavrovu İrəvanda niyə "Putin qatildir" banneri ilə qarşıladılar?

 19:24 21.05.2025     102

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib. Onu Ermənistanda “Putin qatildir” banneri ilə qarşılayıblar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Ermənistanda hazırkı hakimiyyətin kifayət qədər Rusiyaya qarşı sərt ritorikası var:

"Onlar Rusiyanı qəbul etmək istəmirlər. Ermənistanın indiki hakimiyyəti içərisində Qərbə özünü göstərmək istəyən qüvvələr fəaliyyət göstərir. Bunların da əsasən başında parlament sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dayanır. Bu şəxslər Qərb üçün Paşinyan hökumətinə Rusiya ilə problemlər yaradırlar. Rusiya hakimiyyətində təmsil olunan, kifayət qədər nüfuzlu fiqur sayılan Sergey Lavrovun Ermənistanda bu şəkildə qarşılanması məhz hakimiyyətin içində olan və Qərbə bağlı olan "5-ci kolon"un siyasətidir. Burada əsas məqsəd Paşinyan hökumətinin Rusiya ilə münasibətlərini gərginləşdirməkdir. Onlar Rusiyanın Ermənistandakı müttəfiqləri olan Köçəryanın və Sarkisyanın əlinə oynayırlar".

zeynal serh

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətlərinin kəskinləşməsi məhz Köçəryan və Sarkisyanın işinə yarayır.

"Məlum olduğu kimi keçmiş Qarabağ klanı 2026-cı ildə keçiriləcək parlament seçkilərinə Rusiyadan ciddi formada dəstək almaq üçün hərəkətə keçib. Məhz belə hadisələr onlara imkan verir ki, Rusiyadan istədikləri dəstəyi alsınlar. Belə qarşılanma əslində Paşinyanın ziyanınadır. Böyük ehtimalla bunu edənlər Ermənistanın hakimiyyəti içərisində olan Qərbin dəstəklədiyi qüvvələr və Rusiyaya bağlı "5-ci kolon"un birlikdə hərəkətinin nəticəsidir. Son zamanlarda, xüsusi olaraq nəzərə alaq ki, Moskva–İrəvan xəttində çox ciddi şəkildə qarşıdurma yaşanır, iki ölkə bir-birini müxtəlif məsələlərdə ittiham edirlər, bu da Paşinyana gələcək parlament seçkilərində ciddi təhlükə yaradan amillərdəndir",-  deyə Z.Əmrəliyev bildirdi.

Aytəkin TOFİQQIZI