Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Redaktor.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.
***
Myanma Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr gələcək illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev:
“Möhtərəm cənab Prezident.
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
1993-cü ildə müstəqilliyimiz böyük təhlükə ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.
Siz Ulu Öndər Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Sizin siyasətiniz nəticəsində mümkün oldu. Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir.
Möhtərəm cənab Prezident, bu gün Azərbaycan regionun lider ölkəsidir. Son aylar ölkəmizə İranın və Vyetnamın liderlərinin səfərləri, Sizin Çin Xalq Respublikasına səfəriniz və orada ən yüksək səviyyədə qəbul olunmağınız, Albaniyada Avropa Siyasi Birliyinin Zirvə toplantısında dünya liderləri ilə keçirdiyiniz görüşlər bir daha Sizin dərin və incə düşünülmüş siyasətinizin nə qədər müdrik olduğunu və Azərbaycan xalqının inkişafına yönəldiyini təsdiq edir.
Sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə böyük uğurlar arzulayıram”.
***
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov:
“Hörmətli İlham Heydər oğlu.
Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.