"Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı anlaşma qətiyyən mümkün deyil" - AÇIQLAMA

 17:34 22.05.2025     116

ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə olunub. 

Liderlər arasında aparılan danışıqlar sözügedən münaqişənin həllinə gətirib çıxaracaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, Tramp və Putin arasında keçirilən telefon danışığı ilə bağlı yayılan məlumatların bir çoxu siyasi, manipulyativ məzmun daşıyır:

"Çünki Rusiya tərəfinin iddia etdiyi kimi, telefon danışığında elə bir ciddi irəliləyiş əldə olunmayıb. Sadəcə şəxsi münasibətlər zəminində bir-birinə rəğbət bəsləyən iki dövlət başçısı müəyyən nisbi anlaşma mesajları verməklə kifayətləniblər. Ancaq Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişinin imzalanması ehtimalı, eləcə də atəşkəs rejimi barədə anlaşma ilə bağlı elə bir ciddi razılaşma əldə olunmayıb. Rusiya öz mövqeyində qalır, Rusiya Ukraynanın işğal olunmuş bütün ərazilərini beynəlxalq səviyyədə Rusiyanın ərazisi kimi tanınmasında israr edir. Ukrayna isə bu şərtlə razı deyil. Rəsmi Kiyev belə bir şərtin qəbul olunmasının yolverilməz və qeyri-mümkün olduğunu birmənalı şəkildə bəyan edir. Buna görə də telefon danışığı barədə verilən pozitiv məlumatlar manipulyativ xarakter daşıyır".

Politoloqun sözlərinə görə, Rusiya özünü sülhə yaxın dövlət kimi göstərməklə bütün dünya qarşısında manipulyasiya edir.

"Eyni zamanda populist xarakterə malik Tramp da sülh prosesində hansısa müsbət irəliləyiş əldə etdiyi barədə, müvəqqəti də olsa, yalançı bir rəy yaradılmasında maraqlıdır. Hər iki tərəf siyasi manipulyasiya ilə məşğuldur. Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı anlaşma qətiyyən mümkün deyil. Çünki Rusiyanın hədəfi Ukraynanı tamamilə öz ərazisinə qatmaqdır. Amerika Birləşmiş Ştatlarının isə beynəlxalq hüquqa görə Ukraynanı Rusiyaya vermək səlahiyyəti yoxdur. Buna görə də bu iki dövlət arasında bu məsələ ilə bağlı hər hansı anlaşma mümkün deyil. Ukrayna savaşının dayandırılması ilə bağlı irəliləyiş yalnız Rusiya və Ukrayna arasında danışıqlar aparılacağı təqdirdə əldə oluna bilər. Hələlik Rəsmi Kiyev Rusiyanın işğalçı planlarını qəbul etməyəcəyini bildirir və bu o deməkdir ki, savaş hələ qeyri-müəyyən müddətə davam edəcək", - deyə E.xalidbəyli fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI