"Türk Dövlətləri Təşkilatı gücünü və gələcək potensialını ortaya qoydu"

"Çox maraqlı səfər oldu. Bu səfərdə bir daha Türk Dövlətləri Birliyinə olan inam və etibar ortaya qoyuldu. Azərbaycan öz strateji xəttini müəyyən etdi. Azərbaycanın strateji xətti Türkiyə ilə birlikdə Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə yüksələn güc olmaqdır. Artıq Azərbaycan lokal, məhəlli gücdən regional gücə çevrilmək üzrədir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev Prezident İlham Əliyevin Macarıstana səfərini, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü şərh edərkən bildirdi.
"Bundan əvvəlki Triana səfərində Avropa ölkələrinin rəhbərlərinin Azərbaycan və Türkiyə prezidentlərinə olan yaxınlığı və onlarla münasibət qurmağa çalışması tutduğumuz mövqenin nə qədər düzgün olduğunu göstərir. Eyni zamanda düşünürəm ki, Azərbaycan prezidentinin vasitəçiliyi sayəsində Avropa ilə müqavilə imzalayan Mərkəzi Asiya ölkələri ilə müzakirələr aparılır. Türkiyənin mövqeyi onlara çatdırılıb, narazılıq varsa, bu məsələ də həll olunub. Bu baxımdan da önəmlidir.
Türk Dövlətləri Təşkilatı gücünü və gələcək potensialını ortaya qoydu. Başqa bir məsələ burada Novruz bayramı ilə əlaqəli olub. Novruz bayramı Türk Dövlətləri Təşkilatının ümumi bayramı kimi elan olundu. Düşünürəm ki, bu çox əhəmiyyətli bir faktordur. Novruz bayramının güclü ənənələrlə keçirildiyi ölkələrdən biri də Azərbaycandır", - deyə siyasi şərhçi qeyd etdi.
Turab Rzayevin fikrincə, bu məsələdə Azərbaycanın xüsusi rolu olub.
"Eyni zamanda Avropanın ortasında, Trianadan sonra, Macarıstanda belə bir tədbir keçirmək əslində Azərbaycanın Avropa İttifaqında kifayət qədər müttəfiqinin və tərəfdaşlığının olduğunu göstərir. Avropa İttifaqı ilə, onun rəhbəri ilə Trianada görüntülənən səmimi görüntülərdən sonra Macarıstanda belə tədbirin keçirilməsi əslində Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri ilə çox yaxşı münasibətlərinin olduğunu və gələcəkdə Avropa İttifaqı rəsmiləri və digər ölkələr, xüsusilə Fransa və Almaniya, Azərbaycana qarşı neqativ bir mövqe tutmazsa, Avropa İttifaqı ilə də əməkdaşlığın geniş perspektivli olduğunu görərik.
Bizim Avropa İttifaqı ilə heç bir düşmənçiliyimiz yoxdur. Əməkdaşlığa hazır olduğumuz mesajını verdik və Avropanın özünə göstərdik ki, bizim Avropada yetəri qədər tərəfdaşlarımız var",- deyə politoloq bildirdi.
Xədicə BAXIŞLI