"Azərbaycan türk dövlətlərinin ortaq dəyərlərinin və siyasi iradəsinin təmsilçisinə çevrilməkdədir" - Günay Ağamalı

Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.
Azərbaycanın bu Zirvə görüşünə ev sahibliyi etməsi hansı siyasi və strateji əhəmiyyətə malikdir?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Redkator.az-a açıqlamasında bildirdi ki, bu il Türk Dövlətləri Təşkilatının növbəti rəsmi Zirvə görüşünün Azərbaycanda keçirilməsi dövlətimizin regionda artan nüfuzunun və türk dünyasında strateji liderliyinin bariz göstəricisidir.
"Bu mühüm hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiyanın məntiqi davamıdır. TDT Zirvə görüşünə ev sahibliyinin edilməsi Azərbaycanın türk dövlətləri ilə münasibətlərdə dərinləşən inteqrasiyanın siyasi rəmzi olmaqla yanaşı, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində ortaq maraqların gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu platforma üzv ölkələr arasında əməkdaşlığın yeni mərhələyə keçidini təmin edəcək, xüsusilə də Transxəzər nəqliyyat dəhlizi, Orta Dəhliz və onun mühüm komponenti olan Zəngəzur dəhlizi kimi böyük geoiqtisadi layihələrin gerçəkləşməsində önəmli rol oynayacaq".
Deputat qeyd etdi ki, Qarabağda dövlət suverenliyinin tam bərpa olunması fonunda bu Zirvə görüşü Azərbaycanın bölgədə sülh, inkişaf və əməkdaşlıq naminə təklif etdiyi gündəliyin Türk dünyası tərəfindən dəstəkləndiyini göstərir.
"Bu, həm də türk xalqlarının ortaq tarixə, dəyərlərə və gələcəyə əsaslanan möhkəm birliyin nümunəsidir. Zirvə görüşü çərçivəsində qəbul ediləcək qərarlar, strateji əhəmiyyətli sənədlər qardaş dövlətlər arasında əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə, ortaq maraqlar əsasında daha güclü Türk dünyasının formalaşmasına xidmət edəcək. Azərbaycan türk dövlətlərinin ortaq dəyərlərinin və siyasi iradəsinin təmsilçisinə çevrilməkdədir. Bakının ev sahibliyi regional sabitliyin, iqtisadi inteqrasiyanın və ortaq gələcək vizyonunun möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - deyə G.Ağamalı vurğuladı.
Aytəkin TOFİQQIZI